Marneulinin 2021-ci il büdcəsi artaraq 44 982 000 lari olub

Bu gün, 4 iyun tarixində Marneuli Bələdiyyə Məclisi iclasında Marneulinin 2021-ci il büdcəsində dəyişiklik edilməsi dəstəklənib.



Bələdiyyə Məclisinin iclasında Marneuli meriyasının Maliyyə-Büdcə Xidmətinin rəhbəri Vüqar Məmmədov bildirdi ki, büdcədə hökumətin ayırdığı pul və yerli vəsait çərçivəsində dəyişiklik edilib.

“Hökumət beş kənd üçün 1 961 491 lari ayırıb. Bu Dəmyə kəndində daxili yolların bərpasının ikinci mərhələsi, Dolisxanaya gedən yola, İmircala yollarına, Kirəç-Muğanlı və Xixani kəndlərinin daxili yollarına asfalt qatının çəkilməsi üçündür. Yerli vəsait çərçivəsində edilən dəyişikliklər isə Maradisinin daxili yollarının bərpası ilə bağlıdır. Bunun üçün büdcədə 350 000 lari nəzərdə tutmuşduq. Ancaq smeta sənədlərini aldıq, 42 400 lariyə qədər əlavə olunmalıdır. Hallavar kəndinin daxili yollarının bərpası üçün 1 226 lari əlavə edirik. Küçə işıqlarının istifadə etdiyi elektrik enerjisi xərclərinin ödənməsi üçün 208 000 lari artırırıq. Marneuli şəhərində və kəndlərdə 10 mini stadionun tikintisi üçün büdcədə pul nəzərdə tutulub, ancaq smeta sənədlərini aldıqdan sonra bu layihənin həyata keçirilməsi üçün 615 000 lariyə qədər pul əlavə etmək lazım oldu. Məktəbəqədər təhsil müəssisələrinin subsidiyası üçün 90 000 lari, bələdiyyənin avtoparkının subsidiyası üçün 100 000 lari əlavə edirik. Bildiyiniz kimi büdcədə beş yeni avtobusun alınması üçün 1 300 000 lari nəzərdə tutmuşuq. Yaxşı bilirsiniz ki, dollar və avronun məzənnəsinin artması ilə bağlı 350 000 lari əlavə etməli olduq. Xixanidəki mini stadionun bərpası üçün 65 780 lari artırırıq. Fiziki imkanları məhdud uşaqlar üçün 45 000 lari maliyyə ayırmışıq. Bu bir təşkilatdır, dövlət və yerli büdcədən maliyyələşdirilir. Dioqnisidə içməli su işlərinin tam başa çatması üçün 100 000 lari nəzərdə tutmuşduq və 566 000 lari əlavə edirik ki, tam başa çatsın. Eləcə də Baytallı kəndində içməli suyun bərpası üçün 256 000 lariyə qədər əlavə edirik, ümumilikdə Marneuli bələdiyyəsinin büdcə xərclərinə 2 300 000 lariyə qədər əlavə olunacaq”, – Vüqar Məmmədov qeyd etdi.

Marneuli meriyasının Maliyyə-Büdcə Xidmətinin rəhbərinin sözlərinə görə, büdcədə edilmiş dəyişikliklər nəticəsində bələdiyyənin 2021-ci il büdcəsi artaraq 44 982 000 lari olub. Buradan 36 565 000 lari yerli vəsait, 8 417 000 lari isə dövlət büdcəsindən ayrılmış puldur.

Bələdiyyə Məclisinin 4 iyun tarixində baş tutan iclasında ümumilikdə üç məsələ müzakirə olunub. Bələdiyyə Məclisinin üzvləri hər üç məsələ ilə bağlı müsbət qərar qəbul ediblər.

"Marneuli" Radiosu

Print ელ. ფოსტა
FaceBook Twitter Google