İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsi 21
iyun tarixində baş tutmuş iclasda Novruz bayramının istirahət günü
elan edilməsi barədə hazırlanmış qanun layihəsini müzakirə
edib.
Komitə qeyd olunan işin formal müzakirəsini son ana saxlayıb.
Komitə sədri Mixeil Saracişvili bunun məlumatın toplanması motivi
ilə baş verdiyini açıqlayıb.
“Təəssüf, bu gün bu təklifin formal müzakirəsi üçün
vaxtımız başa çatır. Bu gün, yaxud yaxın günlərdə bu təklif
müzakirə olunmayacaq. Bir dəfə vaxtı məhz bəzi şeylərlə bağlı
məlumat toplamaq üçün uzatdıq və bununla bağlı həqiqətən də çox
sayda araşdırma, məlumat var”, – Saracişvili
bildirib.
Tolerantlıq və Rəngarənglik İnstitutunun üzvü Mako Qavtadze qanun
layihəsinin formal müzakirəsinin son ana saxlanmasını hökumət
tərəfindən saxta münasibət, layihənin baş tutmamasına cəhd
adlandırır. Qavtadze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi
ki, müzakirədə təşəbbüsün süni şəkildə bloklanması aydın olub.
“Bu layihənin müzakirəsini süni şəkildə son ana
saxladılar. Deyirlər ki, cümə günü qərar veriblər ki, bazar ertəsi
müzakirə etsinlər və layihənin müəllifləri ilə əlaqə saxlaya
bilməyiblər. Məndə elə təəssürat yaranır ki, bu da süni şəkildə baş
verib. Yəni bu qərarın verilməsini şənbə-bazar gününə təsadüf
etdiriblər ki, müəlliflərlə əlaqə saxlamasınlar. Ancaq yenə də
hesab edirəm ki, məsələn, Samirə Bayramova ilə əlaqə saxlamaq
problem olmamalı idi. Bir də qeyd edirlər ki, bu məsələnin
müzakirəsini uzada bilməzlər, çünki vaxtları məhduddur. Bu da süni
şəkildə uzadılmış, son məqama saxlama təəssüratı yaradır. Eləcə də
çoxluq deputatları çalışırdılar ki, öz mövqelərinə bəraət
qazandırsınlar ki, ayrı-seçkilik kimi münasibətləri yoxdur, əksinə
bu qərarla başqalarına qarşı ayrı-seçkilik yaratmamağa
çalışırdılar. Onların arqumenti budur ki, əgər bu bayramı nəzərə
alsalar, o zaman başqalarını niyə nəzərə almasınlar. Bəli,
başqalarının fikrini də nəzərə almalıdırlar, ancaq indi onların
layiqli qərar vermək imkanı var idi. Bir dəfə də olsa, bu layihə
barədə müzakirə aparardılar, bu görüşü genişləndirərdilər, təxirə
salardılar, daha çox adam dəvət edərdilər, dəstəkləyərdilər və elan
edərdilər ki, onlar artıq bütün bu mədəni rəngarənglik bayramlarına
baxış keçirməklə bağlı işlərə başlayırlar. Bu düzgün mövqe
olardı”, – Mako Qavtadze dedi.
Novruz bayramının istirahət günü elan edilməsi ilə bağlı qanun
layihəsinin müzakirəsində müəlliflər iştirak etməyib. Komitə
sədrinin sözlərinə görə, müəlliflərlə əlaqə saxlaya bilməyiblər.
Çünki qanun layihəsi ilə birlikdə müəlliflərin əlaqə məlumatı
təqdim olunmayıb. Qanun layihəsinin müəllifi Marneuli sakini Samirə
Bayramovadır. O, bildirdi ki, Parlament bürosuna dəfələrlə
nömrəsini göndərib və istəsəydilər onunla əlaqə saxlaya
bilərdilər.
İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsi qanun
layihəsinin daha bir müəllifi, Mülki İnteqrasiya Fondunun icraçı
direktoru Zaur Xəlilovun da əlaqə nömrəsini tapa bilməyib.
“Yalnız bu konkret məsələ ilə bağlı deyil, ümumiyyətlə,
fəaliyyətimdən irəli gələrək həmin komitə ilə başqa əlaqələrim də
var. Buradan irəli gələrək, çox təəccüblü məsələdir ki, ictimai
şəkildə əlaqə nömrələrini tapmadıqlarını bildirirlər. Baxmayaraq
ki, 21-ci əsrdir və heç olmasa mobil telefon tapmasalar da,
gülməlidir, çünki əlaqə məlumatını tapa bilməyən çox sayda adam
tanıyıram. Sadəcə olaraq sosial şəbəkədə bizim adımızı axtara və
əlaqə saxlaya bilərdilər.”
Xəlilovun sözlərinə görə, qanun layihəsinin əsas məqsədi Novruz
bayramının istirahət günü elan edilməsi deyil, etnik azlıqlarla
bağlı dövlətin, hakimiyyətin münasibətinin dəyişməsidir.
Komitə iclası təxirə salıb. Deputatlar bildirdilər ki, onlar üçün
məsələ şəxsən qəbul ediləndir, ancaq müəyyən suallar yaranır və bu
suallara cavab vermək mütləqdir. Xəlilovun sözlərinə görə, cavab
vermək üçün ən yaxşı vasitə qanun layihəsinin müəlliflərinin iclasa
dəvət edilməsi olardı.