Suvarma kanalı körpüsü əvəzinə yola çınqıl tökülməsi - Böyük Bəylər kəndində Bələdiyyə Məclisinin qərarı haqqında heç nə bilmirlər
Marneuli bələdiyyəsinin Böyük Bəylər kənd sakinləri bu gün ilk dəfə “Marneuli” radiosundan eşitdilər ki, Bələdiyyə Məclisinin 4 aprel tarixinə olan qərarı ilə onların kəndində vəd verilmiş suvarma kanalından keçid körpüsünün qurulması əvəzində yola çınqıl tökəcəklər.
Marneuli Bələdiyyə Məclisinin Məkan-Ərazi Planlaşdırılması və İnfrastruktur Komissiyasının sədri Adil Əliyev Bələdiyyə Məclisinin iclasında çıxışı zamanı deputatlara bildirib ki, 2023-cü ilin kəndə dəstəkk proqramı çərçivəsində iki layihənin dəyişdirilməsini, bəyənilməsini ərizə ilə tələb edirlər. Bunlar Böyük Bəylər kəndində suvarma kanalından keçid körpüsü və Verxviani kəndində sus sitemi əvəzinə yola çınqıl tökülməsidir.

Böyük Bəylərə getdik və kəndin bütün məntəqələrində olduq. Əhalidən layihənin dəyişdirilməsi barədə məlumatlarının olub olmamasını soruşduq. Sorğuda iştirak edənlərin əksəriyyəti inanırdı ki, yaxın zamanda körpünün tikintisinə onsuz da başlanılacaqdı. Çünki körpünün düzəldilməsini ötən il dəstəkləyiblər. Onlar deyirlər ki, körpünün tikintisi üçün hissələr artıq kəndə aparılıb və layihənin dəyişdirilməsi haqda heç nə bilmirlər.


“İndi sizin dediyinizi ilk dəfə eşidirəm. Bu bərabər dəyişiklik deyil, layihəni dəyişmək ədalətsizlikdir. Hesab edin ki, qızıl taxta ilə əvəz olunub. Çınqılı əhali də tökə bilər, əvvəl də bunu öz vəsaitimizlə edirdik. Həm də bu 10 il əvvəl aktual idi və indi kəndin çox hissəsində yola asfalt qatı çəkilib. Mənim fikrimcə çınqıl tökmək texnoloji baxımdan çox asandır, elementardır və körpü çətindir, öz gücümüzlə düzəldə bilmərik. Çınqıl məsələsinə sonrakı layihələrimizdə də qayıdacağıq, körpünü yüz il tikə bilməyəcəyik. Düzünü desəm, mən toplantıda iştirak etdim. Soruşmaq lazımdır əhali tərəfindən dəyişdirilib, yoxsa qərar yuxarıdan qəbul olunub. Hələ nəyin əsasında baş verdiyini aydınlaşdırın”-
Ayvaz Qəhrəmanov bildirdi.

“Dəyişiklik barədə məlumatım yoxdur. Mən bilirəm ki, körpü düzəldəcəkdilər və artıq borular da gətirilib. Başqa heç nə bilmirəm”
- kənd sakini olan qadınlardan biri deyir.

“Mən bildiyimə görə, bu körpü üçün vəsait artıq ayrılıb. Mən istəyirəm körpü düzəldilsin. Burada çox adam yaşayır. Toy, yas yeri olanda o biri yol ilə fırlanıb getməlidirlər? Bu körpü vacibdir. Biz dəyişiklik haqda heç nə bilmirik, gizli edirlər. Çınqıl tökürlər və bir il ərzində yağış yuyub aparır”.

“Körpü layihəsi 2022-ci ildə seçilmişdi, amma hələ də hazır deyil. Bizim tərəfimizdən ərizə verilməsi yalandır. Səhv deyiblər, çınqıl tökülmə məsələsini biz bilmirik. Bu barədə məlumatım yoxdur. Ərizəni kimin verdiyini də bilmirəm”-
Əli Əmiraslanov bildirib.

“Ötən il körpünün düzəldilməsini dəstəkləmişdik və bu il yol seçilib. Körpü üçün material artıq 7 ay əvvəl gətirilib. Bu il yola çınqıl tökülməsi layihəsini dəstəkləmişik, yoxsa dəyişiklik edilməyib. Körpü layihəsi artıq hazırdır və ləğv edə bilməzlər. Mənim dəyişiklik barədə məlumatım yoxdur”- kənd sakini olan kişi deyir.

“Kəndə ayrılmış pul hara getdi? Boruları gətirəndə dedilər ki, indi düzəldəcəklər. Vaxtı uzadıblar”
- Böyük Bəylər sakini olan qadın deyir.

“Körpünü də deyirlər yolu da – bilmirəm, kişilər daha yaxşı bilər”- yerli sakinlərdən olan qadın deyir.

Məsələnin müzakirəyə çıxaran Adil Əliyev “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, o, əhalinin ərizəsini görməyib. Çünki Bələdiyyə Məclisinə məktubla meriya müraciət edib və məsələnin iclasa çıxarılmasını tələb edib.

“Marneuli meriyası məktub göndərib, dəyişiklik tələb edib.Məktubda əhalinin tələbi əsasında qeyd olunub. Mənim öhdəliyim yazılmış məktubu Bələdiyyə Məclisi iclasına çıxarmağımdır. Blok etmək hüququm yoxdur. Əhalinin məktubu bizə gəlmir. Meriyadan məktub gəldi və onun əsasında Bələdiyyə Məclisinə çıxarmalıyam. Çıxardım və razılıq aldıq. Məsələni araşdırmaq meriyanın səlahiyyətlərinə daxildir. Yaxşı olar meriyaya müraciət edəsiniz”
- Adil Əliyev bildirib.

“Marneuli” radiosu məsələni araşdırmaq üçün yerli özünüidarəyə zəng vurdu. Meriyanın PR xidmətindən bildirdilər ki, suala yazılı müraciət etsək cavab ala bilərik. Kənd nümayəndəsi ilə məlumatı aydınlaşdırmağa çalışdıq, ancaq bir neçə cəhdə baxmayaraq onunla əlaqə saxlaya bilmədik.

Print ელ. ფოსტა
FaceBook Twitter Google