“Bərabərlik üçün karyeraya dəstək” – “Modus” kollecində valideynlər üçün uşaq məkanı açılıb

Bu gün, 20 fevral tarixində Marneulidə “Modus” kollecində “Bərabərlik üçün karyeraya dəstək” layihəsinin təqdimatı keçirilib.

Layihənin məqsədi kollecdə və bələdiyyədə inklüziv mühit yaratmaq, karyeraya dəstək xidmətlərini gücləndirməkdir.

Layihənin təqdimatında Amerikanın Gürcüstandakı səfirliyinin missiya rəhbərinin müavini Alan Persli, Gürcüstan Elm, Təhsil və Gənclər nazirinin birinci müavini Aleksandre Tsuladze, Kvemo Kartli qubernatoru Qiorqi Doxturaşvili, Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze, Parlamentin deputatları çıxış etdilər.

Amerika səfirliyinin missiya rəhbərinin müavini “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Amerika Birləşmiş Ştatları Gürcüstanda peşə təhsilinin inkişafına dəstək olmağa davam edəcək.

“Bu gün burada, “Bərabərlik üçün karyeraya dəstək” layihəsinin açılış tədbirində olduğuma görə sevinirəm. Layihə “Modus” peşə təhsil kolleci tərəfindən həyata keçirilir və ABŞ səfirliyi tərəfindən maliyyələşdirilir. Belə layihələr yerli özünüidarənin, ABŞ səfirliyinin, maarifçilərin birgə fəaliyyət layihəsidir ki, Marneulidə, bütün Gürcüstanda peşə təhsilinin inkişafına dəstək olaq. Bu layihənin mənə böyük təəssürat bağışlayan aspektlərindən biri uşaq otağının yaradılmasıdır. Uşağı olan tələbələr üçün bu proqramı daha əlçatan edir. Peşə təhsili Gürcüstanda işçi bacarıqlarının inkişafı baxımından çox böyük rol oynayır. Biz Gürcüstan hökuməti, təhsil müəssisələri ilə əməkdaşlıqdan çox xoşbəxtik və bu kimi fəaliyyətlərimizə davam edəcəyik”, – Alan Persli bildirib.

Layihə çərçivəsində kollecdə uşaq otağı yaradılıb və otaq müvafiq inventarla təchiz edilib. Məkanın yaradılmasında məqsəd uşaqların peşə təhsilinə qoşulmuş valideynlərinə dəstək olmaqdır ki, onlar tam təhsil ala bilsinlər.

Gürcüstan Elm, Təhsil və Gənclər nazirinin birinci müavini Aleksandre Tsuladze görüşdə çıxışı zamanı bildirdi ki, ölkə Gürcüstanda peşə təhsilin populyarlaşdırılması ilə böyük addım atmış oldu.

“Təqdimatı üçün toplaşdığımız layihə, xüsusilə azlıqların yaşadığı regionlar üçün çox mühümdür. Ümumiyyətlə, karyera yüksəlişi və peşəkarlaşma sisteminin bütün Gürcüstan üçün təşviqi, tədrisi, qadınların bu prosesə cəlb edilməsi və gender bərabərliyi məsələlərinə dəstək, əminəm ki, ölkəmiz, bu region üçün böyük nəticələr verəcək”, – Aleksandr Tsuladze bildirib.

Kvemo Kartli qubernatoru Qiorqi Doxturişvili layihənin təqdimatında çıxışı zamanı bildirdi ki, Gürcüstanda peşə təhsili almaq ən böyük çatışmazlıqlardan biridir.

“Bir çox hallarda ən böyük problem ixtisasların olmamasıdır. Konkret bir işə başlayanda ətrafımıza baxırıq və görürük ki, ölkədə və təbii ki, Kvemo Kartlidə də müvafiq kadrlar çatışmır, gəlin bunu etiraf edək. Rayonumuzda vətəndaşlarımız üçün yaratdığınız imkana görə çox sağ olun. “Modus” Kollecinin fəaliyyəti və əhaliyə hansı imkanlar təqdim etdiyi barədə müxtəlif bələdiyyələrdə aktiv kampaniya aparmağı nəzərdə tutan bu kampaniyaya mütləq qoşulacağıq”, –Qiorqi Doxturişvili bildirdi.

Layihə çərçivəsində Marneuli, Qardabani, Bolnisi və Tetritskaronun dövlət məktəblərində və icmalarında peşə təhsili, peşəkar proqramların imicini artırmaq məqsədilə 11 aylıq məlumat kampaniyası nəzərdə tutulub. Ümumilikdə, 40 dövlət məktəbində məlumat xarakterli görüşlər keçiriləcək və əlavə olaraq 18-35 yaş qrupu üzrə 40 icma toplantısı təşkil olunacaq.

Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadzenin sözlərinə görə, kollecdə uşaq məkanının açılması gənc analar üçün vacibdir ki, onların tamhüquqlu təhsil almaq imkanı olsun.

“Oxşar layihələrin həyata keçirilməsini alqışlayıram. Bu gün “Modusda yenilik “var, gənc analara tam hüquqlu təhsil almaq imkanı verəcək uşaq guşəsi açılıb və bu bizim üçün çox vacibdir. Bizim üçün prioritet məsələlərdən biri vətəndaşlarımızın təhsili, peşəkar bacarıqlarının artırılması və karyera yüksəlişidir”, – Amiran Qiorqadze bildirdi.

“Bərabərlik üçün karyeraya dəstək” 15 aylıq layihədir və təlimçilərin hazırlanması prinsipləri, karyera və peşə istiqaməti, qızların təhsili və gender bərabərliyi məsələləri üzrə 20 karyera məsləhətçisinin hazırlanmasını əhatə edir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google