Co Bayden ikinci müddətə namizəd olacağını bəyan edib
Prezident Co Bayden 2024-cü il seçkisində ikinci müddətə seçilmək üçün namizədliyini verəcəyini bəyan edib.

O bu barədə özünün Twitter hesabından da yazıb:

"Hər bir nəslin elə bir anı olur ki, demokratiyanı müdafiə etmək lazım gəlir. Əsas azadlıqlarımızı müdafiə etmək lazım gəlir. Mən inanıram ki, bu, bizim işimizdir. Məhz buna görə də ABŞ prezidenti seçkisində iştiraka hazırlaşıram. Mənə qoşulun. Gəlin bu işi başa çatdıraq”.

Vitse-prezident Kamala Harris də 2024-cü il seçkisində Co Baydenlə birlikdə iştirak edəcəyini bildirib.

Baydenin ehtimal edilən ikinci prezidentlik müddətinin sonunda 86 yaşı olacaq.

O inanır ki, birinci müddətdə əldə etdiyi qanunvericilik uğurları və siyasətdə 50 illik təcrübəsi onun yaşından daha mühüm amillərdir.

Şərhçilərin fikrincə Demokratik Partiya daxilində onun ciddi rəqibi olmasa da, ölkədə kəskin parçalanmanın olduğu bir şəraitdə o öz kürsüsünü qoruyub saxlamaq üçün ağır mübarizəyə girişməli olacaq.

Yenə də Trampla üz-üzə?
Co Baydenin aprelin 25-də verdiyi bəyanat onun 2019-cu ildə namizədliyini elan etməsinin dördüncü ildönümünə təsadüf edir.

Bayden o vaxt vəd etmişdi ki, Donald Trampın təlatümlü prezidentliyindən sonra “ölkənin qəlbini” sağaltmağa çalışacaq.

Şərhçilər bildirirlər ki, Bayden hələ ki bu məqsədinə çata bilməyib.

Ötən ilin mövsümarası seçkisində demokratların gözlənildiyindən daha yaxşı nəticə göstərməsindən sonra Baydenin öz partiyasında siyasi mövqeyi sabitləşib.

Respublikaçıların prezidentliyə namizədləri sırasında keçmiş prezident, 76 yaşlı Donald Tramp ən populyar fiqur olaraq qalır.

Beləliklə bu seçkidə də 2020-ci ilin qızğın seçki kampaniyası yaşana bilər.

Amma bu da deyilməlidir ki, ötən bir neçə ildə Tramp ciddi maneələrlə üzləşib.

O ABŞ tarixində barəsində cinayət ittihamı irəli sürülmüş ilk keçmiş prezident olub.

Co Bayden 2021-ci ildə ABŞ-ın 46 prezidenti olub və Amerika tarixində ən yaşlı dövlət başçısıdır.

Print ელ. ფოსტა
თეგები: Co bayden düniya Prezident
FaceBook Twitter Google