Payız mövsümünün gəlişi ilə təzə çəkilmiş şirələrin dövrü başlayır.
Alma, yerkökü və çuğundurdan hazırlanmış şirə həm cismə, həm də
əqlə faydalı olan saysız-hesabsız keyfiyyətləri sayəsində əsl
sehrli içki sayılır. Orqanizmə şəfaverici təsiri və çox asan
hazırlanması bu şirəni bütün dünyada populyar edib. Bunun üçün
sadəcə bazardan alma, yerkökü və çuğundur alıb, onları şirəçəkən
maşından keçirmək lazımdır. Vəssalam.
Tərkibində cəmi iki tərəvəzin və bir meyvənin olmasına baxmayaraq,
bu şirə çox bəsləyicidir. Belə ki, almanın tərkibində A, B1, B2,
B6, C, E və K vitaminləri, habelə fol turşusu, sink, maqnezium,
kalium, fosfor, kalsium, natrium və dəmir kimi maddələr var.
Yerkökü A, B1, B2, B3, C, E və K vitaminləri, nikotin və pantoten
turşuları, habelə kalsium, maqnezium və selenlə zəngindir. Yerkökü
bütöv şəkildə deyil, məhz şirə halında maksimum faydalıdır.
Çuğundur ürək-damar xəstəliklərinin qarşısını alır. Bu tərəvəz A,
C, B qrupu vitaminləri, dəmir, mis, maqnezium, kalsium, habelə
qocalmanı yavaşıdan digər bəsləyici maddələrlə zəngindir. Gün
ərzində orqanizmi gümrah vəziyyətdə saxlamaq məqsədi ilə onu bütün
zəruri bəsləyici maddələrlə təmin etmək, habelə ona uzunmüddətli
faydalı təsir göstərmək üçün alma, yerkökü və çuğundurun
kombinasiyası yetərlidir.
Alma-yerkökü-çuğundur şirəsi müxtəlif daxili orqanları, məsələn,
böyrəkləri, qaraciyəri və mədəaltı vəzi sağlamlaşdırmaq üçün əla
vasitədir, onları müxtəlif xəstəliklərdən qoruyur, ürəyi və
ağciyəri möhkəmləndirir. Bir neçə il əvvəl bu şirə ağciyər
xərçəngindən əziyyət çəkənlərə tövsiyə olunub. Şirə xərçəngin digər
növlərini də müalicə edir, çünki bu xəstəliyi törədən hüceyrələrin
böyüməsinin qarşısını alır.
Təzə çəkilmiş şirə paket və butulkada satılan şirələrdən çox-çox
faydalıdır. Ancaq başa düşmək lazımdır ki, şirə nə desertdir, nə də
içkidir, o, müalicəvi-profilaktik məhsuldur. Buna görə də ehtiyatla
və düzgün şəkildə içilməlidir. Məsələn, 3-10 yaşlı uşaqlara bu
şirəni müalicəvi məqsədlə gündə iki dəfə vermək olar. Özü də bir
porsiya 30 milliqramdan çox olmamalıdır. Şirəyə 1+1 nisbətdə içməli
su da əlavə oluna bilər.
Meyvə-tərəvəzin şirəsini çəkmək üçün əvvəlcə onları yaxşı-yaxşı
yumaq, zədələnmiş yerlərini kəsib götürmək lazımdır. Şirə çəkilən
kimi dərhal içilməlidir, onu soyuducuda saxlamaq olmaz, çünki 10-15
dəqiqə ərzində turşuma prosesi gedir və tərkibindəki vitaminlər
məhv olur. Əgər körpəniz qastritdən, digər mədə-bağırsaq yolu
pozuntularından əziyyət çəkirsə, yaxud allergiyaya meyllidirsə, ona
təzə şirə içirtmək üçün mütləq həkimin icazəsi lazımdır. Bundan
əlavə, bu şirəni soyuqdəyməsi olan uşaqlara vermək də məsləhət
deyildir, çünki selik ifrazını stimullaşdırmaqla, öskürək və zökəmi
gücləndirir.
Saglamolun.Az