Marneuli meriyası susur və qəzalı vəziyyətdə olan binanın bərpasına nə vaxt başlanılacağını deyə bilmir
Nərimanov 1 ünvanında yerləşən binanın sakinləri artıq iki ildir ki, qəzalı vəziyyətdə olan binada yaşayırlar. Binada dördüncü mərtəbənin eyvanı 2022-ci ilin 26 iyun tarixində uçmuşdu və nəticədə iki qadın dünyasını dəyişmişdi.

Eyvanların uçmasından sonra Marneuli meriyası yaşayış binasını araşdırdı. Ekspertlərin nəticəsinə əsasən, Nərimanov 1 ünvanında yerləşən bina qəzalı vəziyyətdədir və orada yaşamaq təhlükəlidir. Buna baxmayaraq, hələ
də binada bərpa işləri aparılmayıb.

Eyvanların uçması nəticəsində Raya Əliyeva dünyasını dəyişmişdi. O, Nərimanov 1 ünvanındakı binada, beşinci mərtəbədə yaşayırdı. Rayanın övladı Akif Bayramov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, iki il ərzində yerli özünüidarədən vədlər alıb, amma bina indiyə qədər hələ də bərpa olunmayıb.

“Əvvəl olduğu kimi də qalıb. Bir neçə dəfə meriyaya danışmaq üçün getdim. Sadəcə dedilər ki, gözləyirik, yaxın vaxtlarda düzəldiləcək, çalışacağıq nə isə edək. Dedilər ki, təmir etməyəcəklər, yenisini tikəcəklər. Amma hələ də heç nə etməyiblər. Mən də artıq bu qədər getməyə utanıram, nəticə də yoxdur. Artıq getməkdən bezmişəm”.

Akif bildirir ki, onun yaşadığı bina uçur və buna görə qonşuların bir qismi artıq binanı tərk ediblər.

“Bina uçur, artıq həqiqətən uçur, elə vəziyyətdədir. Artıq neçə qonşu gedib. Kimin başqa evi var, köçdü. Bizim korpusda artıq 3 ailə burada yaşamır. Mənim başqa evim yoxdur və yenə də burada yaşamalı oluram”, – Akif Bayramov bildirir.

“Marneuli” radiosu bir aydan artıqdır ki, Marneuli meriyasının Nərimanov 1 ünvanında yerləşən binanın tikintisi üçün hansı işləri həyata keçirməyi planlaşdırdığını aydınlaşdırmağa çalışır. 12 aprel tarixində meriyaya rəsmi məktubla müraciət etdik. Çünki bizə dedilər ki, məsələ genişdir və şifahi şərh verə bilməzlər. 12 aprel tarixindən rəsmi məktuba cavab gözləyirik, amma meriya hələ də susur. İnfrastruktur xidmətindən bildirirlər ki, bu onların səlahiyyətinə daxil deyil, Statistika və İnformasiya Xidmətindən də deyirlər ki, Nərimanov 1 ünvanındakı bina haqqında məlumatları yoxdur. İctimaiyyətlə Əlaqələr Şöbəsi isə məsələni araşdıracağını vəd edir.

Marneuli meri və meriyada işləyən dövlət məmurlarının bir qismi dünən, 14 may tarixində Gürcüstan Parlamenti tərəfindən “rus qanunu”-nun qəbul edilməsini sevinclə qarşıladılar.

“Avropa daha çox şəffaflıqdır!” – Marneuli meri Kənan Ömərov yazır. Amma bir aydan artıqdır ki, Nərimanov 1 ünvanındakı binada yaşayan vətəndaşların iki ildir, qəzalı vəziyyətdə olan binada qorxu içində niyə yaşadıqlarına cavab verə bilmir.

Marneuli meriyası 2022-ci ilin 26 iyun tarixində, eyvanlar uçduqdan sonra bina sakinlərini mehmanxanaya köçürdü. Nərimanov 1 ünvanında yaşayan 28 nəfər bir neçə həftə ərzində mehmanxanada qaldılar. Meriya bunun üçün “Qafqaz”-a 110 200 lari ödədi. Eyvanı uçmuş binanın vəziyyətini Levan Samxarauli adına Milli Məhkəmə Ekspertizası Bürosu araşdırdı. Onların nəticəsinə əsasən, binada bərkitmə-gücləndirmə işlərinə ehtiyac var və onun eyvanlarından istifadə etmək təhlükəlidir. Buna baxmayaraq Nərimanov 1 ünvanındakı bina sakinləri binaya geri qayıtdılar. Binanın bərpası üçün özünüidarə 2022-ci ilin 18 noyabr tarixində 2 121 737 lari dəyərində tender elan etmişdi, ancaq tenderdə heç bir şirkət iştirak etməmişdi. Buna görə də tender baş tutmadı. Marneuli meriyası 2023-cü ilin büdcəsindən eyvanları uçmuş binanın bərpası üçün 1 715 500 lari ayırmışdı. Amma bina ötən il də təmir olunmayıb. 2024-cü ildə Nərimanov 1 ünvanındakı bina üçün büdcədə ayrıca maddə ayrılmayıb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google