Gürcüstanın müxtəlif bölgələrindən olan müəllimlər mayın 5-də
hücuma məruz qalan həmkarları Lado Abxazavaya həmrəyliklərini ifadə
edirlər.
Dünən axşama olan məlumata görə [21:34] 555 müəllim bu bəyanatı
imzalayıb.
"Müəllim öz işinə əsaslanaraq, yüksək vətəndaşlıq
məsuliyyətinə malik vətəndaş olmalı və şagirdlərinə nümunə
olmalıdır. Lado Abxazava da məhz belə bir insandır. Hesab edirik
ki, dünən baş verən zorakılıq təhlükəli presedentdir, bu, fəal
vətəndaş mövqeyi olan müəllimlərə qarşı zorakılığın yeni
nümunəsidi.
Biz hesab edirik ki, hər hansı bir şəxsə qarşı zorakılıq onun mülki
və ya digər mövqeyinə görə qəti şəkildə qəbuledilməzdir. Müəllimə
qarşı zorakılıq halları daha da qəbuledilməzdir”, -
deyə məlumatda bildirilir.
İmzalayan müəllimlər həmçinin qeyd edirlər ki, zorakılığa göz
yummaq zorakılığa səbəb olur və “belə bir mühitdə heç kim
təhlükəsiz deyil”.
Onlar hüquq-mühafizə orqanlarını Lado Abxazavaya qarşı zorakılıq
faktını operativ və effektiv şəkildə araşdırmağa çağırırlar.
Mayın 5-də axşam saatlarında Lançxuti şəhərində evinin yaxınlığında
dəyənəklərlə silahlanmış üç nəfər ona hücum edib – müəllimin
sözlərinə görə, o, həmin vaxt 20 yaşlı oğlu ilə birlikdə olub.
Abxazava bildirib ki, o, hər üç hücumçunu tanıyır, onlardan biri
onun binasında yaşayır.
Abxazavaya hücumdan sonra Daxili İşlər Nazirliyi zorakılıq maddəsi
ilə araşdırmalara başlayıb.
2018-ci ildə Lado Abxazava müəllim mükafatının qalibi olmuşdu. Elə
həmin il o, Dünya Müəllim Mükafatının 10 finalçısı arasında idi -
27 mart 2019-cu ildə Çibati dövlət məktəbində simvolik ulduza layiq
görülmüşdü. Bu mərasimdə yerli hökumət nümayəndələri də iştirak
etmişdi.
Gürcüstanda hər il ən yaxşı müəllimləri tanıyan Milli Müəllim
Mükafatı müəllimə hücumu pisləyib.
“Biz Lado Abxazavaya hücumu pisləyir və onunla həmrəy
olduğumuzu bildiririk. Lado təkcə görkəmli müəllim deyil, həm də
görkəmli vətəndaşdır. Onun vətəndaş fəallığı fonunda ona hücum
xüsusilə şübhəlidir. İstintaqın vaxtında və operativ şəkildə
aparılacağını gözləyirik. Lado ilə danışdıq və xoşbəxtlikdən o və
övladı özlərini yaxşı hiss edirlər”, - məlumatda
deyilir.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.