Dolların bahalaşmasının Marneulili sahibkarların bizneslərinə təsiri – (Sorğu-Video)
16:02 / 25.09.2020
Lari artıq bir neçə ildir ki, dollara nisbətən ucuzlaşır. Son
zamanlar dolların qiymətində kəskin şəkildə artım müşahidə olunur.
Heç kim dolların qiymətinin hansı tarixə qədər necə olacağını
bilmir. Pandemiya dövründə Gürcüstanda iqtisadi vəziyyət
gərginləşib.
İqtisadi dildə danışmasaq, dolların bahalaşması adi vətəndaşların
gündəlik həyatını necə dəyişir. Marneuli iqtisadiyyatı üçün ən
strateji yer Marneuli bazarıdır. Orada işləyən kiçik sahibkarlar
dolların qiymətinin artmasının işlərinə təsirini necə
qiymətləndirirlər? Müsahibə zamanı həm satıcılar, həm də alıcılar
dolların bahalaşması ilə bağlı kameraya danışmaqdan çəkindilər.
Amma şəxsi söhbət zamanı onlar dolların bahalaşmasının gündəlik
həyat tərzlərinə göstərdiyi ziyandan danışdılar.
Dolların qiymətinin şəxsi bizneslərinə mənfi təsir göstərdiyini və
satdıqları məhsulların, qızıl və paltarların bahalaşdığını
bildirdilər.
“Artım yoxdur, alver yoxdur. Toy yoxdur, alıcı necə
olsun?! Əlbəttə, dolların bahalaşması da təsir etdi.”
“Qızıl da bahalaşdı. Dollar bahalaşanda yaxşı olmur. Tək qızıl
deyil ki, ölkədə hər şey bahalaşır.”
“Əvvəl ayaqqabını 25-ə satırdım, indi 28-ə satıram. Alan da yoxdur.
Ucuz satsaq, ucuz da alardılar. İndi baha satırıq deyə alan da
yoxdur.”
“Dolların bahalaşmasını kim istəyirdi ki?! Hər şeyə də ziyandır.
Alış-veriş edirik, hər şeyin qiyməti bahalaşıb. Heç nə satmaq, nə
də ki, almaq olmur.”
“Əlbəttə ki, dolların bahalaşması hər birimizə çox ziyan etdi.
Onsuz da müştərimiz yox idi. İndi hər şey bahalaşdı, toylar da
olmur deyə müştəri də gəlmir.” – Marneulili sakinlər
deyirlər.
Müştərinin az olmasından şikayətlənən satıcıların sözlərinə görə,
dollarla yanaşı toyların qadağan olunması da onların biznesinin
zəifləməsinə səbəb olub. Onlar qiymətlərin bahalaşmasına və ölkədə
toyların qadağan olunmasına görə müştərilərin də sayının azaldığını
deyirlər.