Salome Zurabişvili: “Gürcüstan Avropa yolunda real şansı əldən verməməlidir”
“Gürcüstan üçün Avropa yolunda tarixi imkan yaranıb. Bu yol qan tökmədən və qurbanlarsız mümkün olmayıb, əcdadlarımız tərəfindən salınıb”.

Bu fikirləri Gürcüstan Prezidenti Salome Zurabişvili Müstəqillik Günü münasibətilə Tbilisidə Azadlıq meydanında keçirilən təntənəli mərasimdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ümumi dəyərlər Gürcüstanı Avropa sivilizasiyası ilə çoxdandır bağlayır: “Biz və Avropa bu ənənələri davam etdirməliyik. Biz yaxşı anlamalıyıq ki, bu dəyərlərin qorunması diktə olunmuş iradənin yerinə yetirilməsi, milli identikliyin itirilməsi deyil, Avropaya yaxınlaşmaq özümüzə qayıdışdır. Bu gün yaranmış real şansı əldən versək, nə əcdadlarımız, nə də gələcək nəsil bunu bizə bağışlayar”.

Dövlət başçısı bu gün Gürcüstan qarşısında yeni vəzifələrin durduğunu qeyd edərək onların yerinə yetirilməsi üçün ilk növbədə birlik və uzaqgörənliyin tələb olunduğunu deyib.

Daha sonra çıxış edən Baş nazir İrakli Qaribaşvili deyib ki, Gürcüstanın əsas məqsədi müasir Avropa dövləti qurmaqdır: “Builki Müstəqillik Günümüz xüsusi tarixi anda qeyd edilir. Martın 3-də Gürcüstanın Avropa İttifaqına üzvlüyə namizəd ölkə olması üçün müraciət imzalamışam. Bu, Gürcüstan tarixində tamamilə yeni mərhələnin başlanğıcı olub”.

Hökumət başçısı qeyd edib ki, qısa vaxt ərzində Gürcüstanda Avropa İttifaqına yaxınlaşmaq üçün bir sıra mühüm addımlar və islahatlar həyata keçirilib.

İ.Qaribaşvilinin sözlərinə görə, qlobal çağırışlara baxmayaraq, Gürcüstanda sabitlik və inkişaf hökm sürür: “Gürcüstan Avropa İttifaqının etibralı tərəfdaşıdır. Ölkəmiz İttifaqın tərəfdaşları arasında lider mövqeləri tutur. Biz Avropa İttifaqından ədalətli qərar gözləyirik”.

Parlament sədri Şalva Papuaşvili, müdafiə naziri Cuanşer Burmuladze də çıxış edərək Müstəqillik Gününün əhəmiyyətindən danışıblar, xalqı və xaricdə yaşayan gürcüləri bayram münasibətilə təbrik ediblər.

Çıxışlardan sonra Müstəqillik Gününün qeyd olunduğu son 31 il ərzində ilk dəfə olaraq Avropa İttifaqının (Aİ) himni səsləndirilib, helikopterlər Gürcüstan və Aİ bayraqları ilə Tbilisi səmasında uçuşlar yerinə yetiriblər.

Mərasimdə hökumət üzvləri, parlament, diplomatik korpusun nümayəndələri, hərbi attaşelər və digər rəsmi şəxslər iştirak ediblər. Azadlıq meydanında ilk olaraq Gürcüstanın Müdafiə Qüvvələrinin hərbçiləri, xüsusi təyinatlılar, ABŞ hərbçiləri, hərbi məktəblərin kursantları marşla yürüş ediblər. Uşaq xoru Gürcüstan himnini ifa etdikdən sonra ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca hərbi xidmətə çağırılanların ölkə üzrə andiçmə mərasimi baş tutub.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია