Ağməmmədli kəndinin sakinlərini daxili yollarının bərbad olması və zibil yeşiklərinin olmaması narahat edir

Marneuli rayonunun Ağməmmədli kəndinin sakinlərini daxili yollarının bərbad olması və zibil yeşiklərinin olmaması narahat edir. Sakinlərin sözlərinə görə, kəndin bir çox küçələrində vəziyyət çox pisdir.

Yağış yağan zaman həmin küçələrdə hərəkət etmək çətin olur. Kənd sakinlərinin dediyinə görə, dəfələrlə yerli icra nümayəndəsinə və kənd deputatına məlumat veriblər. Amma bu günə qədər onların problemləri həll olunmamış qalır.



Ağməmmədli kəndində yaşayan Fikrət Ayvazov bir neçə ildir ki, yeni ev tikdirib. O, hazırda tikdirdiyi evə köçüb və orada yaşayır. Onun bildirdiyinə görə, o, evi tikən vaxt həmin ərazidə qaz, işıq olmayıb. O, öz hesabına qaz, işıq xətləri çəkdirib. Onun evinə gedən yolun bərbad olmasına görə, indi o, yola bir neçə maşın torpaq tökdürüb. Ayvazov deyir ki, əlavə gəliri yoxdur ki, öz hesabına yollarını bərpa etdirsin. O, onu da əlavə etdi ki, onun yaşadığı ərazidə zibil yeşiyi yoxdur.



Kənddə küçə işıqlarının yetərsiz olmasından şikayətlənən 59 yaşlı Məharət Məmmədovun dediyinə görə, kəndin mərkəzinə küçə işıqları çəkilir, kənar məhəllələrə çəkilmir.



Məsələyə aydınlıq gətirmək üçün Qasımlı inzibati ərazi vahidliyinin deputatı Əşrəf Tükənova müraciət etdik. O, “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, kənddə problemlər çoxdur. Amma tədricən həm problemlər öz həllini tapır. Tükənovun dediyinə görə, küçələrin işıqlandırılması üçün ötən ilin büdcədən 20 000 lari pul ayrılmışdı və həmin vəsaitlə kəndin müəyyən hissələrinə küçə işıqları çəkildi. Deputat onu da əlavə etdi ki, kəndin küçələrinin işıqlandırılması işlərinin sona çatırılması üçün 85 ədəd plafon lazımdır. Bu da növbəti ildə öz həllini tapacaq.



Tükənov onu da bildirdi ki, Ağməmmədli kəndinə 15 ədəd zibil qutusu ayrılıb. Amma nə vaxt gətiriləcəyini bilmir. Deputat ümid edir ki, yaxın vaxtlarda zibil yeşikləri kəndə gətiriləcək.



Əşrəf Tükənov onu da əlavə etdi ki, kəndin yaxınlığından keçən kanalın ətrafında olan tulantıların təmizlənməsi üçün aidiyyəti orqanlara bildirib. Yaxın vaxtlarda o ərazilər təmizlənəcək. Həmin küçəyə 5 maşın çınqılın tökülməsinin planlaşdırıldığını deyən deputat qeyd etdi ki, o da yaxın vaxtlarda gətirilməlidir.


 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google