Yuliya Navalnaya ərinin işini davam etdirəcəyinə söz verib
Rusiyanın müxalifət lideri Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya bazar ertəsi ərinin işini davam etdirəcəyinə söz verərək, "ölkəmizin azadlığı üçün mübarizəni davam etdirəcəyəm" və "sizi yanımda olmağa çağırıram" deyib.

Onlayn video bəyanatında Navalnaya Rusiya prezidentini nəzərdə tutaraq, "Vladimir Putin ərimi öldürdü" deyib və "Aleksey və özüm üçün edə biləcəyimiz ən vacib şey əvvəlkindən daha güclü və daha kəskin mübarizəyə davam etməkdir" deyib.

Navalnının ötən cümə günü Rusiyanın Arktika Dairəsindəki cəzaçəkmə koloniyasında ölümü beynəlxalq aləmdə və ölkə daxilində qəzəblə qarşılanıb və bir çox Qərb ölkəsi bununla bağlı Kremlə işarə edib.

ABŞ prezidenti Co Bayden cümə günü deyib ki, "səhv etməyin, Navalnının ölümünə görə Putin məsuliyyət daşıyır". Bayden bildirib ki, Navalnı ilə baş verənlər "Putinin qəddarlığının daha bir sübutudur".

Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Cosep Borrell bazar ertəsi X platformasında açıqlamasında oxşar hissləri ifadə edib. O, "Avropa İttifaqı adından Yuliya Navalnaya dərin hüznlə başsağlığı verdik" yazıb və "Vladimir Putin və onun rejimi buna görə cavab verəcək"- deyə, əlavə edib.

Moskva Kremlin müdaxiləsi ilə bağlı iddiaları kəskin şəkildə rədd edib. Mətbuat katibi Dmitri Peskov ittihamların "tamamilə qəbuledilməz" olduğunu və Navalnının ölümünün fəal şəkildə araşdırıldığını bildirib.

Rusiya həbsxanasının rəhbərliyi bildirib ki, Navalnı Xarpda uzunmüddətli cəza çəkdiyi həbsxanada cümə günü gəzintidən sonra huşunu itirərək ölüb.

Peskovun sözlərinə görə, onun ölümü ilə bağlı istintaqın nəticələri hələ açıqlanmayıb. O, Navalnının cəsədinin ailəsinə nə vaxt veriləcəyi ilə bağlı təfərrüatları açıqlamayıb. Putin Navalnının ölümü ilə bağlı açıqlama verməyib.


Print ელ. ფოსტა
FaceBook Twitter Google