“Ukraynada sülh bərqərar olarsa, təbii ki, Rusiyanın
işğal etdiyi torpaqların qaytarılması həqiqətən də mühüm əhəmiyyət
kəsb edəcək”,
- Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan PBS telekanalına
müsahibəsində bildirib.
Fevralda Ukraynanı işğal etdikdən sonra Rusiyanın Ukraynadan ələ
keçirdiyi ərazilərin bir hissəsini saxlamasına icazə verilməli
olub-olmaması və bu məsələnin münaqişənin həllinin bir hissəsi
olub-olmaması ilə bağlı suala Ərdoğan belə cavab verib:
“Xeyr və mütləq deyil”.
“Biz qarşılıqlı razılaşmadan danışanda bunu nəzərdə
tuturuq. Əgər Ukraynada sülh bərqərar olarsa, təbii ki, ərazilərin
qaytarılması həqiqətən də vacib olacaq. Gözlənilən budur. İstənilən
budur, Rusiyanın işğal etdiyi ərazilər Ukraynaya
qaytarılacaq”, - Ərdoğan bildirib.
Krım məsələsinə gəlincə, Ərdoğanın sözlərinə görə, 2014-cü ildən
bəri Rusiya prezidenti Vladimir Putindən heç bir addım atılmasa da,
tələb olunan budur.
“2014-cü ildən bəri əziz dostum Putinlə bu barədə
danışırıq və ondan bunu tələb edirik. Biz ondan xahiş etdik ki,
Krımı qanuni sahiblərinə qaytarsın. Biz bunu hər zaman deyirik,
amma o vaxtdan bəri təəssüf ki, heç bir addım
atılmayıb”, - deyə Ərdoğan bildirib.
Ancaq Ukraynadakı hazırkı müharibənin necə və nə qədər tez bitəcəyi
ilə bağlı suala Ərdoğan cavab verib ki, “Rusiyanın münasibəti çox,
çox önəmli olacaq.
"Mən Özbəkistanda prezident Putinlə görüşdüm və onunla çox geniş
müzakirə apardıq. O, əslində mənə bunu ən qısa zamanda həll etməyə
hazır olduğunu göstərir. Bu, mənim təəssüratım idi, çünki indi
hadisələrin gedişatı kifayət qədər problemlidir”, -
deyə Ərdoğan bildirib.