Saqareco merinin icra nümayəndəsi torpaq sahələrini fırıldaqçılıqla mənimsəyir – "İFact"
Araşdırmaçı jurnalistlər Birliyi “İFact”-ın yayımladığı materiala görə, Saqareco merinin Düzəyrəm kəndindəki icra nümayəndəsi əkin-biçin torpaqlarını qanunsuz mənimsəyib.

Məqalənin müəllifləri yazırlar ki, “yerli sakinlərin sözlərinə görə, İsmayılovun nəzarəti altında olan ərazi Sovet İttifaqı zamanı kəndin ümumi istifadəsində idi. O, merin nümayəndəsi seçildikdən sonra həmin torpaqları mənimsəməyə başlayıb. 2020-ci ildə isə qeydiyyatdan keçirib. İndi İsmayılov 55 torpaq sahəsini icarəyə verir və həmin torpaqlar rəsmi olaraq onun və ya ailə üzvlərinin istifadəsində deyil. Həmin torpaqların sahəsi isə ümumilikdə 90 hektardır. Merin nümayəndəsinin burada ferması, qarğıdalı və yonca tarlaları var”.

Kənd sakinləri İsmayılovun hərəkətinə etiraz məqsədi ilə dəfələrlə aksiya keçiriblər və aksiya mətduatda da işıqlandırılıb. Ancaq bu heç bir nəticə verməyib.

Rabayət Məmmədova zərərçəkmişlərdən biridir. O, bildirir ki, torpaq onun ailəsinin istifadəsində olub, ancaq İsmayılov əllərindən alıb. Məmmədova kənd icra nümayəndəsini Prokurorluğa şikayət edib, ancaq onun şikayətini təmin etməyiblər.

“2 hektar sahə atamın istifadəsində idi. İsmayılov torpağı qeydiyyatdan keçirmək üçün lazım olan sənədi vermədi ki, mən özüm qeydiyyatdan keçirim və satım. 2020-ci ildə mənimsəyib və başqalarının adına qeydiyyatdan keçirib. Ona deyəndə ki, səni şikayət edəcəyəm, – get haraya istəyirsən, şikayət et, mənə heç nə edə bilməzsən – dedi. Prokurorluğa şikayət etdim, Parlamentə yazdım, amma 2 ildir şikayətimə baxan yoxdur. Gürcüstanda qanun yoxdur”, – Rabayət Məmmədova deyib.

İsmayılovun öz adına yalnız iki torpaq sahəsi var ki, bunun da ümumi sahəsi 0,7 hektardır. Qalanları isə ailə üzvləri və həmkəndlilərinin adına qeydiyyatdan keçirilib. “İFact” 31 nəfər belə adam müəyyən edib. İctimai Reyestrin sənədlərini araşdırmaqla İsmayılovun istifadə etdiyi sxem müəyyən edilib.

Tutaq ki, İsmayılov x torpaq sahəsini bəyəndi və həmin sahə reyestrdə heç kimin adına qeydiyyatdan keçməyib. Bundan sonra o, etibarlı adam seçir və sahəni həmin adamın adına qeydiyyatdan keçirir. Onun seçdiyi adam Reyestrə gedir və həmin torpaq sahəsinin qeydiyyatdan keçirilməsini tələb edir. Reyestr arxivdə və müxtəlif dövlət strukturlarında həmin şəxsin əmlak hüququnu təsdiq edən sənədin axtarışına başlayır.

Reyetsr həmin sənədləri tapa bilməyəndə kimə müraciət edir? Saqareco meriyasına. Meriya hər hansı torpaq sahəsinin əkin və ya ailə təsərrüfatına veriləcək torpaq olub-olmadığını müəyyən etmək öhdəliyi daşıyır. İsmayılov məhz burada mer kənd icra nümayəndəsi olaraq məsələyə qoşulur. O, sahədən iki şahid aparır və onlar torpaq sahəsinin onu qeydiyyatdan keçirmək istəyən şəxsə məxsus olduğunu təsdiq edirlər. İsmayılov şahid olaraq etibarlı şəxsləri aparır, məsələn həyat yoldaşını və ya dostunu...

Yekun söz isə İsmayılova məxsusdur. O, meriyaya təsdiq etməlidir ki, torpaq sahəsi həqiqətən təsərrüfat üçün verilmiş sahədir. İsmayılov belə də edir və reyestrdə həmin sahəni həmin şəxsin adına qeydiyyatdan keçirir.

İsmayılovun əlində olan bütün torpaqlar bu yoldan keçir. O, 37 sahəni bu qayda ilə qeydiyyatdan keçirib. Bundan əlavə İsmayılov və onun övladı dövlətdən 24 hektar torpağı icarəyə götürüblər. Bunun üçün illik 9 170 lari ödəyirlər.

Araşdırmaçı jurnalistlərin məlumatına görə, bu sxemə 31 nəfər qoşulub. “İFact” onlarla danışmağa cəhd etdi. Nəticədə müəyyən olundu ki, torpaq “sahibləri” əksər hallarda heç torpağın harada yerləşdiyini və hansı işlər üçün istifadə olunduğunu da bilmirlər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google