Xüsusi İstintaq Xidmətinin məlumatına görə, agentlik müxtəlif
cinayət işləri üzrə şəxsi həyat sirrini pozan və qanunsuz olaraq
şəxsi yazışmalar əldə edən 5 nəfəri saxlayıb.
“Aparılmış istintaq tədbirləri ilə müəyyən edilib ki,
təqsirləndirilən şəxslər müxtəlif vaxtlarda münasibətlərində
zərərçəkmişlərin çılpaq bədənlərinin fotolarını, videolarını, intim
və şəxsi yazışmalarını saxlayıb, sosial şəbəkələrdə yerləşdiriblər,
mobil telefonlar vasitəsilə zərərçəkmişin qohumlarına və dostlarına
göndəriblər. Bəzi hallarda isə qeyd olunan video və foto
materialdan zərərçəkmişlərlə əlaqəni davam etdirmək üçün bundan
şantaj vasitəsi kimi istifadə ediblər”, - Xüsusi
İstintaq Xidməti bildirir.
Xüsusi İstintaq Xidmətinin əldə etdiyi sübutlar əsasında Gürcüstan
Prokurorluğu saxlanılan şəxsləri Gürcüstan Cinayət Məcəlləsinin 157
prima, 159-cu maddəsinin birinci və ikinci hissələri ilə nəzərdə
tutulmuş cinayəti törətməkdə ittiham edib.
Qurumdan verilən məlumata görə, qeyd olunan hallar üzrə istintaq
davam etdirilir.
“İctimaiyyətə xatırlatmaq istərdik ki, bu şəxslər 2022-ci il martın
1-dən etibarən Gürcüstan Cinayət Məcəlləsinin 157, 157 prima, 158
və 159-cu maddələrində nəzərdə tutulmuş cinayətlərə görə istintaqa
cəlb ediliblər”, - Xüsusi İstintaq Xidməti məlumat
yayıb.