ABŞ-ın BMT-dəki səfiri Kyivə səfəri zamanı Ukraynaya sarsılmaz dəstəyi vurğulayır
ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı səfiri Linda Tomas-Qrinfild çərşənbə axşamı Kyivdə Ukrayna prezidenti ilə görüşərək, Vaşinqtonun elektrik enerjisinin kəsilməsi, su çatışmazlığı və Rusiya tərəfindən atəşə tutulması ilə üzləşən ölkəyə “sarsılmaz” dəstəyini ifadə edib.

Səfir Tomas-Qrinfild və Prezident Volodimir Zelenski Rusiyanın Ukraynaya bundan səkkiz ay əvvəl başladığı müdaxilədən sonra törətdiyi vəhşiliklərə görə məsuliyyətə cəlb edilməsini, eləcə də müharibənin qlobal ərzaq təhlükəsizliyinə təsirini müzakirə ediblər.

"O, Ukraynanın suverenliyinə beynəlxalq dəstəyi gücləndirmək və üzv ölkələri beynəlxalq hüququ və BMT Nizamnaməsini müdafiə etməyə çağırmaq üçün Birləşmiş Millətlər Təşkilatında fəaliyyətini davam etdirmək işinə sadiqdir" - deyə, nümayəndəliyin sözçüsü Neyt Evans bildirib.

Birləşmiş Millətlər Təşkilatı və Türkiyə tərəfindən razılaşdırılan, Ukraynaya taxıl ixracına kömək edən və Rusiyaya ərzaq və gübrə ixracı qarşısındakı maneələri aradan qaldırmağa kömək edən Qara Dəniz Taxıl Təşəbbüsünün müddəti noyabrın 19-da başa çatır.

Bu təşəbbüs buğda və digər malların beynəlxalq qiymətlərinin aşağı salınmasına yardım etmək və Rusiya tərəfindən Ukrayna limanlarında blokadaya alınmış taxıl və heyvan yemini təyinat yerlərinə çatdırmaq üçün çox vacibdir. Lakin Moskvanın sazişdən kifayət qədər faydalanmadığını bəyan edərək, narazılığını bildirməsi Rusiyanın təşəbbüsün yenilənməsinə etiraz edə biləcəyi ilə bağlı narahatlıqların artmasına səbəb olub.

Tomas-Qrinfild Ukraynada həmçinin qəddar cinayətlərdən sonra sağ qalanlar və onların ailələri ilə görüşüb. Kyivdə Milli Polis Məhkəmə Ekspertizası Laboratoriyasına səfəri zamanı ona müharibə cinayətlərinin sübutlarının necə toplaması və təhlil etməsi ilə bağlı məlumat verilib. Ona habelə döyüş meydanında Rusiyanın törətdiyi cinayətlərin araşdırılması üçün polis tərəfindən toplanan döyüş sursatı, silahlar və digər əşyalar göstərilib.

Print ელ. ფოსტა
თეგები: ABŞ BMT Dünya Rusiya Ukrayna
FaceBook Twitter Google