Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə
naziri general-polkovnik Zakir Həsənov noyabrın 14-də bu ölkənin
müdafiə naziri cənab Cuanşer Burçuladze ilə görüşüb.
Gürcüstan Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi təşkil
edilib.
Protokola uyğun olaraq müdafiə nazirləri Fəxri Qarovulun önündən
keçib, hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət
himnləri səsləndirilib.
Tərəflər regional təhlükəsizlik, hərbi əməkdaşlığın inkişaf
perspektivləri, birgə hərbi təlimlərin keçirilməsi və işçi
görüşlərin təşkili barədə ətraflı fikir mübadiləsi aparıblar.
Görüşdə həmçinin hərbi, hərbi texniki, hərbi təhsil, hərbi tibb
sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı
maraq doğuran digər məsələlər müzakirə edilib.
Yekunda hər iki ölkənin müdafiə nazirlikləri arasında 2023-cü il
üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.