Marneuli Bələdiyyə Məclisinin yeni üzvü Vüsal Bayramovdur. Bayramov
bundan sonra keçmiş deputat Rəhman Musayevin səlahiyyətlərini icra
edəcək.
Qeyd olunan məsələ Bələdiyyə Məclisinin 14 noyabrda baş tutan
iclasında qəbul edilib. Məsələni Bələdiyyə Məclisinin üzvü Vasil
Xaxulaşvili müzakirəyə çıxarıb və qeyd edib ki, Bələdiyyə
Məclisinin yeni üzvü partiya siyahısı ilə növbəti namizəd olub.
“Marneuli 22 saylı Dairə Seçki Komissiyasının 2022-ci
ilin 1 noyabr tarixinə olan məktubu ilə Seçki Komissiyasının
sədrinin sərəncamı daxil olub. Sərəncama əsasən, Marneuli Bələdiyyə
Məclisində “Gürcü Arzusu – Demokratik Gürcüstan”-nın partiya
siyahısı ilə seçilmiş, Bələdiyyə Məclisindən çıxarılan üzvü Rəhman
Musayevi əvəz etmək üçün həmin partiyanın partiya siyahısı ilə
növbəti namizəd Vüsal Bayramovdur”, – Xaxulaşvili
qeyd edib.
20 oktyabr tarixində Marneuli Bələdiyyə Məclisi Rəhman Musayevin
Bələdiyyə Məclisi üzvlüyü mandatını tərk etməsi ilə bağlı müraciət
qəbul edib. Rəhman Musayev Marneuli Bələdiyyə Məclisində “Gürcü
Arzusunu” təmsil edirdi. O, Bələdiyyə Məclisi üzvlüyü mandatını
tərk etməklə bağlı sosial şəbəkədə onun şagirdlərə qarşı zorakılıq
faktını əks etdirən kadrlar yayımlandıqdan sonra müraciət edib.
Rəhman Musayev Qırıxlı kənd ictimai məktəbinin gürcü dili müəllimi
idi. 2 oktyabrda sosial şəbəkədə fotolar yayımalanmışdl. Fotolarda
onun azyaşlı şagirdləri dərs prosesi zamanı dizi üstə qoyduğu
görünür.
4-cü sinif şagirdlərinin dizi üstə qoyulması faktına Marneuli
Təhsil Resurs Mərkəzindən münasibət bildirmişdilər. Qurumdan qeyd
etmişdilər ki, onlar məktəbdə baş vermiş hadisəni qınayırlar.
Baş vermiş hadisəni Daxili İşlər Nazirliyi araşdırır. Nazirliyin
mətbuat xidmətindən bildirdilər ki, Cinayət Məcəlləsinin 150-ci
maddəsi ilə araşdırma aparılır. Həmin maddə zorakılığı nəzərdə
tutur.