Qardabanili idmançı 2023-cü ildə keçiriləcək III Avropa Oyunlarına lisenziya qazanıb (VİDEO)
Gürcüstan Tai-boksinq, Kikboksinq Milli Federasiyasının idmançıları 11-20 noyabr tarixlərində Türkiyənin Antalya şəhərində böyüklər arasında keçirilən “Wako kikboksinq” üzrə Avropa çempionatında iştirak edirlər. Gürcüstan idmançıları çempionatın ilk mərhələsində rəqiblərini məğlub edərək, növbəti mərhələyə keçiblər. “Gürcüstan Azərbaycanlı İdmançılar Birliyi”-nin sədri Tofiq Əkbərov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, növbəti mərhələyə üç Gürcüstan idmançısı keçə bilib.

“Növbəti mərhələyə keçən idmançılar 63 kq çəki dərəcəsində Emil Xəlilov, 75 kq çəki dərəcəsində Luka Şonia və 86 kq çəki dərəcsində isə Zurab İvaniadzedir. Həmin idmançılar 2023-cü ildə Polşanın Krakov şəhərində keçiriləcək “III Avropa Oyunları” yarışına lisenziya qazandılar. Bu yarışdan sonra əsas hədəf 2024-cü ildə Fransada keçiriləcək Yay Olimpiya oyunlarıdır”, – Tofiq Əkbərov dedi.

Əkbərov sevinir ki, Gürcüstan tarixində ilk dəfə bir azərbaycanlı kikboksinq üzrə Avropa Oyunlarında iştirak etmək hüququ qazandı.

“Biz ona görə, çox sevinirik ki, bölgəmizin idmançıları gələn il Avropada keçiriləcək “III Avropa Oyunları”na lisenziya qazandılar. Əsas da Emil Xəlilovun qələbəsidir. Emil Xəlilov çempionatın ilk mərhələsində Slovakiyalı rəqibini məğlub edərək, növbəti mərhələyə keçdi. Onun bu yarışda qələbə qazanması böyük bir hissdir və Gürcüstanda yaşayan Azərbaycanlılar bununla fəxr edə bilərlər. İnşallah inanırıq ki, Emil Xəlilov bu və gələcək yarışda da ümidləri doğruladacaq. Bu münasibətlə hər kəsi təbrik edirəm”, – Tofiq Əkbərov bildirdi.

Emil Xəlilov Qardabanidə fəaliyyət göstərən “Qaracalar” idman klubunun idmançısıdır. Onun baş məşqçisi isə İsfahan Əliyevdir. Emil Xəlilov bir sıra ölkə və xarici ölkələrdə yarışlarda iştirak edib və uğurlar qazanıb.

Əkbərov onu da əlavə etdi ki, kikboksinq 1978-ci ildə yaradılmasına baxmayaraq, tarixdə ilk dəfə olaraq olimpiya oyunlarına salınıb. Onun sözlərinə görə, olimpiya oyunları 4 ildən bir keçirilir və həmin yarışda on minlərlə idmançı iştirak edir.

Xatırladaq ki, tarixdə ilk Avropa Oyunları 2015-ci il iyunun 12-28-də Bakıda təşkil olunub. II Avropa Oyunları isə 21-30 iyunda Belarusun paytaxtı Minskdə keçirilib.


Print ელ. ფოსტა
FaceBook Twitter Google