Daxili İşlər Nazirliyi Marneulidə fiziki imkanları məhdud şəxslərlə məlumatlandırıcı görüş keçirib
Bu gün, 1 dekabr tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində Daxili İşlər Nazirliyinin nümayəndələri fiziki imkanları məhdud şəxslərlə məlumatlandırıcı görüş keçirib. DİN nümayəndələri Marneulidə yaşayan fiziki imkanları məhdud şəxslərə nazirlikdə həyata keçirilmiş dəyişikliklər barədə məlumat veriblər və fiziki imkanları məhdud şəxslər üçün nəzərdə tutulmuş xidmətləri müzakirə ediblər.

İnsan Hüquqlarının Müdafiəsi və İstintaq Monitorinqi Departamentinin nümayəndəsi Tamar Mçedlişvili “Marneuli”
radiosu ilə söhbəti zamanı bildirdi ki, DİN üçün fiziki imkanları məhdud şəxslərin hüquqlarının qorunması, onlara hüquqlarını həyata keçirməkdə dəstək olmaq prioritetdir.

“Biz bu istiqamətdə çox işlər görürük. 31 mart 2021-ci il tarixində nazirin sərəncamı ilə Gürcüstan Daxili İşlər Nazirliyinin sistemində fiziki imkanları məhdud şəxslərin hüququnun qorunmasının 2021-ci il fəaliyyət planı təsdiqləndi. Planın effektiv həyata keçirilməsi məqsədi ilə qurum dəfələrlə mühüm tədbirlər həyata keçirdi və müvafiq nəticə də əldə etdi. Həmin sənəddə fəaliyyət planın həyata keçirilməsi prosesinə fiziki imkanları məhdud şəxslərin qoşulması da qeyd edilib. Bunun təmin edilməsi üçün Gürcüstan Daxili İşlər Nazirliyində fiziki imkanları məhdud şəxslərin hüquqları üzrə işləyəcək məsləhətçi qrup yaradıldı".

İnsan Hüquqlarının Müdafiəsi və İstintaq Monitorinqi Departamentinin nümayəndəsinin sözlərinə görə, məsləhət qrupuna DİN-nin fəaliyyət planında yazılmış fəaliyyətlərin həyata keçirilməsində məsuliyyətli olan struktur rəhbərlərinin hamısı üzvdürlər. Şura üzvləri fiziki imkanları məhdud şəxslər və fiziki imkanları məhdud şəxslərin məsələləri üzrə işləyən təşkilatlardır.

“Daxili İşlər Nazirliyinin əməkdaşlarının hazırlanması prosesi fəal olaraq həyata keçirilir. Bəzi regionlardan istisna olmaqla, əməkdaşların effektiv ünsiyyət qurması üçün biz bütün ölkə miqyasında diskriminasiya əlaməti, dözümsüzlük motivi ilə törədilmiş cinayətlərin monitorinqini aparırıq və çalışırıq ki, əgər insan fiziki imkanları məhdud şəxs statusuna görə hansısa cinayətin qurbanı olubsa, bunu istintaq prosesi sənədlərində nəzərə alsın, motiv düzgün müəyyən edilsin. Daxil İşlər Nazirliyi üçün cinayətə effektiv reaksiya göstərilməsi prioritetdir. Məhz buna görə fiziki imkanların məhdud olması əlaməti, diskriminasiya motivi ilə törədilmiş cinayətlərin araşdırılması prosesinin düzgün aparılmasına xüsusi diqqət yetirilir”.

Tamar Mçedlişvilinin sözlərinə görə, fiziki imkanları məhdud şəxslərlə birbaşa görüş və onlara öz hüquqları ilə bağlı məlumat verilməsi mühümdür.

“DİN-nin Xidmət Agentliyində daimi rejimdə infrastrukturun fiziki imkanları məhdud şəxslərə uyğunlaşdırılması işləri aparılır. Əməkdaşlar əlavə olaraq hazırlanırlar. Jest dili, həmçinin, “miterlər” (xidmət administratoru) institutu tətbiq edildi. Fiziki imkanları məhdud şəxslərə uyğun ünsiyyətin tətbiq edilməsi məqsədi ilə ünsiyyət standartları işlənilib və tətbiq edilib. Buna əsasən əməkdaşlar hazırlanır”, – Xidmət Agentliyinin məlumatında qeyd olunub.

Mçedlişvili kimi Marneuli Mülki Məşğulluq Mərkəzinin koordinatoru Mariam Samxaradze də fiziki imkanları məhdud şəxslərə məlumat verilməsini mühüm hesab edir. Samxaradzenin sözlərinə görə, DİN nümayəndələrinin fiziki imkanları məhdud şəxslərlə görüşü Mülki Məşğulluq Mərkəzi Şəbəkələri, DİN-nin regional həftəliyi çərçivəsində keçirilib.

3 dekabr Beynəlxalq Fiziki İmkanları Məhdud Şəxslər Günüdür. Məhz bu günlə əlaqədar DİN nümayəndələri müxtəlif regionlarda fiziki imkanları məhdud şəxslərlə məlumatlandırıcı görüşlər keçirirlər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google