Təxminən bir aydır ki, Marneulidə su və kanalizasiya sisteminin
tikintisi yenilənib. İşlər dörd müstəqil layihə şəklində həyata
keçirilir.
Marneulidə kanalizasiya sistemlərinin yenilənməsi işləri hansı
mərhələdən başladı, işlər hansı mərhələdədir, konkret olaraq hansı
məkanlarda işlər aparılır, hansı tipdə işlər həyata keçirilir –
“Marneuli” radiosunun bu suallarına “Gürcüstan Birləşmiş Su
Təchizatı Şirkətinin” direktor müavini Quqa Kakabidze cavab
verir.
Onun sözlərinə görə, bələdiyyədə indiki mərhələdə səfərbərlik və
hazırlıq işləri aparılır. Ancaq elə yerlər var ki, fiziki işlərə
artıq başlanılıb. Onlardan biri Tsereteli kəndidir.
“İki ay ərzində bütün şəhər miqyasında işlərin tam həyata
keçirilməsinə başlanması gözlənilir. İndiki mərhələdə Marneuli
şəhərində və ətraf kəndlərdə, su təchizatı baxımından nəzərdə
tutulan kəndlərdən biri Tseretelidir. Orada indi mövcud boruların
yerləşdirilməsi və qalan hissələrin quraşdırılması işləri aparılır.
Bununla yanaşı şəhərin mərkəzi su anbarının tikinti işləri həyata
keçirilir və artıq gələn həftədən dörd yerdə kanalizasiya
şəbəkəsinin quraşdırılması işlərinə başlanılır. Onlar arasında
Nizami küçəsi və Nərimanov küçəsindəki dalanlar da var. Fiziki
işlərlə yanaşı, əlavə olaraq gələn həftə ərzində üç-dörd yerdə
işlər aparılacaq. Gələn iki ay ərzində bütün şəhərin əhatə olunması
və bu layihənin həyata keçirilməsinə təxminən 100 nəfərin qoşulması
planlaşdırılır”, – Quqa Kakabadze bildirdi.
“Birləşmiş Su Təchizatı Şirkətinin” direktor müavininin sözlərinə
görə, qeyd olunan işlərlə yanaşı Sabirkənddə kanalizasiyaları
təmizləyən tikilinin tikintisi aparılır. Tikinti indi fəal
fazadadır və onun başa çatdırılması 2023-cü ilin sonuna nəzərdə
tutulub. Su və kanalizasiya sisteminin tikintisi layihəsinin başa
çatdırılması isə 2024-cü ildə nəzərdə tutulur.
“Bütün Marneuli (bütün şəhər), eləcə də su təchizatı və
kanalizasiyaların infrastruktur işlərinin nəzərdə tutulduğu ətraf
kəndlərdə 2024-cü ilin birinci yarısında işlər başa çatacaq. Ancaq
mərhələlərlə, altı hissəyə bölünüb. Hər bir hissə mərhələli şəkildə
başa çatacaq və müvafiq olaraq, bütün işlər 2024-cü ilə qədər
tamamlanacaq”, – Quqa Kakabadze bildirdi.
İşlər çərçivəsində yeni su təchizatı şəbəkəsi, nasos stansiyası və
hovuzlar qurulacaq. Əlavə olaraq yeni kanalizasiya şəbəkəsi və
müasir standartlara uyğun təmizləyici tikili qurulacaq.
Layihəyə Asiya İnkişaf Bankının dəstəyi ilə 135 milyon laridən
artıq pul xərclənəcək.
Layihə nəticəsində Marneuli əhalisi 24 saatlıq su təchizatı və yeni
kanalizasiya infrastrukturu ilə təmin olunmalıdır.
Qeyd edək ki, Marneulidə si təchizatı sisteminin dəyişdirilməsi
barədə hələ 2018-ci ildən müzakirələr başladı. 4 il əvvəl Marneuli
bələdiyyəsinin 35 200 nəfərə qədər sakininə 24 saat ərzində içməli
suyun olacağı vədi verilib. Layihənin Marneuli və kəndlərdə həyata
keçirilməsinə 2019-cu ildən başlanıldı. Yollar qazıldı, borular
çıxarıldı, infrastruktura ziyan dəydi, sıradan çıxmış yollara görə
ictimai nəqliyyat, sakinlərin avtomobilləri xarab oldu. Layihəni
“Akelik Group” 2021-ci ilin mart ayına qədər bitirməli idi. Amma
şirkət öhdəliyini yerinə yetirə bilməyib. Buna görə də 55 940 022
dollar dəyərində olan layihə dayandırılıb. “Akelik Group” işçilərə
əməkhaqqı verə bilmədi. Buna görə də şirkətə qarşı məhkəmə işi
başladı. Məhkəmə nəticəsində şirkətə 9 işçinin maaşını ödəmək
öhdəliyi qoyuldu.