Ukraynanın Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak
bildirib ki, rəsmi Kiyev öz vətəndaşı, Gürcüstanın keçmiş
prezidenti Mixeil Saakaşvilini Ukraynaya və ya hər hansı digər
Avropa ölkəsinə qaytarmaq xahişi ilə Tbilisiyə rəsmi müraciət edib.
Podolyak qeyd edib ki, Saakaşvilinin Ukraynaya göndərilməsi Rusiya
tərəfindən heç bir hərbi-aqressiv nəticə verməyəcək.
"Ukrayna Prezidenti Volodimir Zelenskinin aydın mövqeyi
var - Rusiyadan fərqli olaraq biz başqa ölkələrin suveren işlərinə
qarışmırıq. Biz heç bir məsləhət vermirik. Bu, çox vacib
parametrdir. Rəsmi səviyyədə Gürcüstan hökumətinə təklif edirik ki,
Saakaşvilini bizə verin. Mən Mixeilə çox rəğbət bəsləyirəm. Ona
hörmət edirəm, çünki tarixi miqyasa malik
şəxsiyyətdir”.
Prezident Ofisi rəhbərinin müşaviri onu da qeyd edib ki, Ukraynanın
rəsmi mövqeyi Saakaşvilini müalicə üçün bu ölkəyə göndərməkdən
ibarətdir. Lakin Gürcüstan keçmiş prezidenti birbaşa Ukraynaya
köçürməkdən imtina edərsə, onda, “təəssüf ki, Gürcüstanda göstərilə
bilməyən tibbi yardımın göstərilməsi mümkün olan” istənilən üçüncü
Avropa ölkəsinə göndərilməlidir.
Podolyakın sözlərinə görə, onun mövqeyi rəsmi mövqedən daha
radikaldır, çünki hesab edir ki, Gürcüstan hökuməti bilərəkdən öz
prezidentinə həbsxanada qəsdən işgəncə verən dövlət kimi tarixə
salmaq istəyir.
"Düşünürəm ki, Gürcüstan hökuməti qəsdən ölkəni tarixə qara ləkə
kimi, prezidentinə həbsxanada qəsdən işgəncə verən dövlət kimi
tanıtmaq istəyir. Mənə belə görünür. Mən sadə məsləhətlər verirəm,
müdaxilə etmədən, birbaşa deyirəm - indiki iqtidarın, bütövlükdə
dövlətin nümayəndələri, hakim partiyanın, nədənsə Rusiyanı bu qədər
sevən partiyanın deputatları, elə davranmayın ki, özünüzü Gürcüstan
tarixinə qara hərflərlə yazasınız”, - Podolyak
bildirib.
Podolyak hətta bəyan edib ki, rəsmi Tbilisinin xahişi ilə şəxsən
Gürcüstana gəlib Saakaşvilini apara bilər.
"Bu heç də problem deyil. Mən sadəcə onların motivasiyasını başa
düşmək istəyirəm", - o əlavə edib.
Xatırladaq ki, Ukrayna Xarici İşlər Nazirliyi Mixail Saakaşvilinin
səhhətinin pisləşməsindən narahat olduğunu bildirib.