Nika Melia, Levan Xabeişvili, Qiorqi Mumladze və Nona Mamulaşvili –
bu VMH-ın sədr seçkilərində iştirak edən namizədlərin siyahısıdır.
VMH-ın Marneuli Rayon Təşkilatının sədri Laşa Kveladze “Marneuli”
radiosu ilə söhbəti zamanı bildirdi ki, onların təşkilatının
əksəriyyəti Qiorqi Mumladze ilə bağlı müsbət fikirdədir.
“Seçim azadlığıdır və hamının fikrinə hörmətlə
yanaşırıq. Ancaq təşkilatda əksəriyyət Qiorqi Mumladzeni bəyənir.
VMH həmişə fikir plüralizminə əsaslanırdı və daxili rəqabətə
hörmətlə yanaşırdı. Ona görə də partiya mütləq bu prosesdən güclü
olaraq çıxacaq”, – Laşa Kveladze bildirdi.
Göründüyü kimi, Vahid Milli Hərəkatın ofisində ümumi namizədlə
bağlı razılaşmayıblar. Marneuli Bələdiyyə Məclisinin Vahid Milli
Hərəkatdan olan üzvü Nərgiz Əliyeva partiya sədrliyinə namizədlərlə
bağlı fərqli fikirdədir. O, seçkilərdə Levan Xabeişvilini
dəstəklədiyini bildirir.
“Bir regionun eyni namizədi seçməsi mütləq deyil. Bu
müxtəlif də ola bilər. İnsanlar partiyada uğurla işləyəcək namizədi
seçirlər. Bu şəxsi seçimdir və heç kimin buna nə isə demək hüququ
yoxdur. Mən Levan Xabeişvilini dəstəkləyirəm. Xabeişvilinin
Marneulidə minlərlə dəstəkçisi var. Yalnız mən deyiləm. Eləcə də
Nika Melia, Buğadze və.s. Marneulidə hər namizədin öz seçicisi var.
Mən tək deyiləm, bizim komandamız var, yaxın günlərdə onları
görəcəksiniz. Heç bir ziddiyyət yoxdur, sağlam rəqabətdir. Qiorqi
Mumladze ilə də yaxşı münasibətimiz var. Biz, VMH-ın üzvləri olaraq
kim seçiləcəksə, onunla da işləyəcəyik. Saxta qarşıdurmalar
yaratmaq istəyənlər var. Əsas məqsədimiz odur ki, VMH inkişaf
etsin. Mübarizə yolumuz daha intensiv olsun. Əsas məqsəd, əlbəttə,
Mixeil Saakaşvilinin azadlığıdır. Bu istiqamətdə yeni namizədin
strategiyası mühümdür. Hansı addımlar atılacaq, kim seçiləcək,
bunlara baxmayaraq biz VMH-ın inkişafını istəyirik”,
– Əliyeva bildirdi.
Vahid Milli Hərəkatın sədr seçkilərinin qeydiyyatına artıq
başlanılıb və 26 yanvar saat 10:00-a kimi davam edəcək.
Partiyanın məlumatına görə, qeydiyyat, eləcə də səs vermə elektron
qaydada, unikal texnoloji platforma “Blokçeyn” sistemi vasitəsilə
həyata keçiriləcək.
Vahid Milli Hərəkatın sədr seçkilərində səs vermə 28 yanvar saat
10:00-da başlayacaq və 30 yanvar saat 10:00-da başa çatacaq.