18 yanvar tarixində Marneulidə yeni təmir edilmiş 1 saylı uşaq
bağçasında (Tut bağı) təhsil prosesi bərpa olunub.
Köhnə döşəmə, yetərsiz sayda ayaqyolu və kiçik otaqları yeni
inventar, tam bərpa edilmiş təhsil məkanı əvəz edib. Məktəbəqədər
təhsil müəssisəsi bütün bunları üç ildir ki, gözləyirdi.
Bağçanın meneceri Zeinab Nadiradze “Marneuli” radiosu ilə söhbəti
zamanı bildirdi ki, bugünkü
gün bağçanın tarixində xüsusilə
sevindiricidir. Bağça 210 uşaq üçün nəzərdə tutulub.
“Demək olar, üç ildir bağçanın fəaliyyəti
dayandırılmışdı. Müasir standartlara uyğun deyildi, bizim rayon
rəhbərliyinin dəstəyi ilə bina tam bərpa olundu, korpus əlavə
edildi və mümkün olan qədər müasir standartlara yaxınlaşdıq. Siyahı
ilə 150 uşağımız var. Bunlar yayda qeydiyyatdan keçmiş uşaqlardır.
Ancaq çoxları bizim bağçanın açılışını gözləyirlər. Çünki bağçanın
açıldığını eşidiblər, yenə uşaqlar gələcək, biz daha 60 uşaq qəbul
etməyə hazırıq. Həm də 3 il ərzində əməkdaşlar evdə otururdu,
doğrudur, başqa bağçalarda ehtiyat işçi kimi işləyirdilər, eləcə də
kolleclərə qəbul olublar, təlimlərdə iştirak ediblər. Peşəkarlıq
baxımından inkişaf ediblər və bu gün tam bilik, təcrübə ilə 0-6 yaş
arasında olan uşaqların tədrisi üzərində işləməyə başladılar.
Düşünürəm, irəlidə bizi uğurlu il gözləyir”.
Zeinab Nadiradzenin sözlərinə görə, uşaq bağçasında iki
məktəbəqədər hazırlıq qrupu da fəaliyyət göstərəcək.
“Bir qrup öz uşaqlarımızdan ibarətdir. Onlar 15
sentyabrda yaşa görə məktəbə getməyənlərdir. Bir qrupumuz da
hazırdır, yaxın gələcəkdə məktəbə hazırlıq qrupu da
olacaq”.
1 saylı bağçada indiki mərhələdə 60 yer boşdur. Marneuli Uşaq
Bağçaları Birliyinin sədri Zaur Kərəmov bildirdi ki, istəyi olanlar
bağçaya getməli və qeydiyyatdan keçməlidirlər.
Marneuli şəhər 1 saylı uşaq bağçası binasının bərpası, akt zalı və
iki qrup üçün ayrılmış binanın inşa işləri 1 188 577 lariyə başa
gəlib. İşləri “Buildng House” MMC həyata keçirib.
Qeyd edək ki, 2023-cü ildən Marneuli bələdiyyəsinin Uşaq Bağçaları
Birliyi uşaq bağçalarında yemək menyusunu rəngarəngləşdirib.
Hər uşaq üçün nəzərdə tutulmuş qidaya ayrılmış pul da artırılıb.
Məhsulları almaq üçün bələdiyyə büdcəsindən 622 577 lari
ayrılıb.