Milli Statistika Xidmətinin məlumatına görə, Tbilisidə 2022-ci ildə
mənzillərin qiyməti 2021-ci ilə nisbətən yaşayış binalarında 12,5%,
fərdi evlərdə isə 18% bahalaşıb.
Qiymət artımı Marneulidə də hiss olunur. Marneulidə evlərin
alqı-satqısı ilə məşğul olan “Marneuli Evlər”-in nümayəndəsi
Tamerlan Həsənov “Marneuli” radiosuna bildirdi ki, kirayə evlərin
qiyməti əvvəllər 200-300 lari idi. İndi qiymətlər xeyli bahalaşıb.
Onun sözlərinə görə, yeni
tikilən evlərdə də qiymətlərdə artım
var.
“Birinci növbədə evin vəziyyəti və yerindən, bəzi
yerlərdə isə mərtəbəsindən də asılıdır. Kirayə evlərin təxmini orta
qiyməti 500-600 laridir. Əvvəllər 200-300 lariyə tapmaq olurdu.
Hazırda 400 lariyə kirayə çətin tapılır. 500, 600, 800 lariyədir.
Hətta 1000 lariyə də var. Qiymətlər bu cürdür. Bu onunla
əlaqədardır ki, evlərə tələbat çoxdur. Əsas da kirayə verilən
evlərə. Satışda olan təmirli evlərə gəlincə isə, yəni köhnə yaşayış
evlərində təxminən 30 min və ondan yuxarıdır. O da evin
vəziyyətinə, yerləşdiyi əraziyə və mərtəbəsinə baxır. Yeni tikilən
binalarda təmirsiz mənzillərin kvadratı 450, 500, 550 və 600
dollardır. Təmirli vəziyyətdə olan evlərin kvadratı isə 750-800
dollardır. Tələbat olduğuna görə tikintilər artıb. Hal-hazırda
Marneulidə 10-dan artıq yaşayış binası tikilir. Tikinti şirkətləri
yenə də torpaqlarla maraqlanırlar. Sözün düzü, Marneulidə yaxşı
yerlərdə torpaqlar çox azdır”.
Həsənovun dediyinə görə, Marneulidə mənzillərə tələbat çoxdur.
Şəhərdə yaşayış evlərinin bahalı olduğu ərazilər isə Bazar
ərazisindən Marneuli Plazaya qədər olan hissədədir.
“Tələbat hədindən artıq çoxalıb. Əvvəllər iki otaqlı
evlər 25 min dollara olardı. 3 otaqlı 30 minə olardı. Bu gün 3
otaqlı evi 40 minə tapa bilməsiniz. Ondan yuxarıdır. Dediyim kimi
əsas yerindən və mərtəbəsindən asılıdır. Marneulidə ən bahalı
yaşayış evlərinin olduğu yerlər Qara arxın keçdiyi ərazilərdir.
Yəni bazarın qabağından “Plazaya” qədər. Yəni ona görə bahalıdır
ki, bazarın yanından qastronoma kimi ərazilərdən kirayə və ev almaq
istəyən daha çoxdur. Buradan ev almaq istəyən digər millətlər də
çoxdur. Aşağı tərəflərə hər millət getmir. Ona görə də burada
qiymətlər digər yerlərə baxanda bahadır.”
Marneulidə ev alqı-satqısı ilə məşğul olan Akif Ələkbərovun
dediyinə görə, Marneulidə yaxşı evlər bahadır. O da evlərin
yerləşdiyi əraziyə və təmirinə baxır.
“50-100 lari fərq verir. Hal-hazırda kirayələrin
qiyməti 300 laridən başlayır 500 lariyə qədər var. 2-3 otaqlı evlər
500 laridir. Belə baxanda elə də baha deyil. Bina evlərində
kvadratı 400-550 dollardır. Hazır vəziyyətdə olanlarda 600 lariyə
də var. Əvvəlki illərə baxanda qiymətlər qalxıb. Tikinti
materialları qalxdıqca evlərin qiyməti də qalxır. Gəlib
maraqlananlar olur”, – Akif Ələkbərov deyir.
Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, 2022-ci ilin
dördüncü rübündə əvvəlki rüblə müqayisədə daşınmaz əmlakın qiymət
indeksi 5,5 faiz artıb, indeksin illik artımı isə 14,3 faiz təşkil
edib.