“Həmrəylik Muzeyi”-nin rəhbəri Elnur Əlisoy bildirib ki, hakim
qüvvə tərəfindən “rus qanununun” geri çəkilməsi barədə edilmiş
bəyanat vaxt qazanmağa cəhddir.
Hakimiyyət bu yolla gürcü xalqına qarşı gücünü daha yaxşı səfərbər
edəcək.
“Mən düşünürəm və görürəm, bütün vətəndaş cəmiyyətinin
mövqeyi bunun növbəti yalan olduğudur. Misal üçün, proporsional
seçkilərlə bağlı ötən illərdə də vəd verilmişdi və sonra gördük ki,
heç yerinə yetirilmədi. İndi də hakimiyyət xalqa qarşı gücünü daha
yaxşı səfərbər etmək üçün vaxt qazanmaq istəyir. Bu fəndlərdən
biridir, başqa heç nə. Biz, vətəndaş cəmiyyəti və dünən bu qanuna
qarşı bəyanat yayımlayan Gürcüstan azərbaycanlıları icmasının
təşkilatları, təşəbbüs qrupları bu məsələni belə
görürük”, – Elnur Əlisoy bildirir.
“Gürcü Arzusu”, formal olaraq ayrılmış “Xalqı gücü” və Parlament
çoxluğu ortaq bəyanat yayıb. Onlar qeyd edirlər ki, dəstəklədikləri
“rus qanunu” geri çəkirlər. Həmçinin, Parlament çoxluğunun
bəyanatında qeyd olunub ki, “emosional vəziyyətin azaldılması ilə
yanaşı” “Gürcü Arzusu” qanun layihəsinin məqsədini ictimaiyyətə
daha yaxşı açıqlayacaq və bunun üçün əhali ilə görüşlərə
başlayacaq.
“Həmrəylik Muzeyinin” rəhbərinin sözlərinə görə, Gürcüstan
Parlamenti qarşısında aksiyalar davam etməlidir.
“Məlumat yayıblar ki, xalqı sakitləşdirsinlər. Amma
hüquqi baxımdan bu qanunun sadəcə geri çəkilməsi mümkün deyil. Biz
dəqiq bilirik ki, onlar vaxt qazanmaq istəyirlər. Bu aksiya qanunun
rəsmi olaraq ləğv olunmasına qədər davam etdirilməlidir. Digər
məsələ isə budur ki, əgər biz yalnız bu qanun layihəsinin ləğv
edilməsi üçün mübarizə aparırıqsa, o zaman ümumiyyətlə nəticə nə
olacaq? Çünki bu qanunu irəli sürən və dəstəkləyən adamlar yenə
Parlamentdə qalacaqlar, eyni yanaşma ilə xalqa qarşı işləyəcəklər.
Şəxsən mənim mövqeyim belədir ki, mübarizəni sona qədər, bizim
gələcək yeganə yolumuzun Avropa yolu olduğu siyasi qüvvələr
tərəfindən aydın şəkildə təsdiqini tapana qədər aparmalıyıq.
Hakimiyyət dəyişənə və ya hakimiyyət komandasında əsaslı
dəyişikliklər olana qədər etirazımızı davam
etdirməliyik”, – Elnur Əlisoy bildirir.
Gürcüstan Parlamenti “xarici təsir haqqında” qanun layihəsini
birinci oxunuşda 7 mart tarixində qəbul edib. Hüquqşünasların
bildirdiyinə görə, birinci oxunuşda qəbul edilmiş qanun layihəsini
geri götürmək prosedur baxımından yalnız bəyanat əsasında mümkün
deyil. Onların sözlərinə görə, Parlament Venesiya Komissiyasından
hər iki qanun layihəsini geri çəkməlidir və rus qanunu
komitə/plenar səsverməyə çıxarmalıdır, onun geri çəkilməsinə səs
verməlidirlər.
Son günlər ərzində Gürcüstan Parlamenti qarşısında “rus qanun
layihəsi”nin müzakirəsi ilə yanaşı etiraz aksiyaları aparılırdı. 7
və 8 mart tarixində xüsusi təyinatlılar vətəndaşlara qarşı
gözyaşardıcı qazdan və su şırnağından istifadə edirdi. Polislər
aksiya iştirakçılarına, siyasətçi və jurnalistlərə qarşı fiziki
zorakılıq törədiblər.
DİN-nin bəyanatına görə, 7-8 mart tarixində baş vermiş hadisələr
nəticəsində ümumilikdə 134 vətəndaş saxlanılıb.