Marneuli yerli özünüidarəsi Marneuli İctimai Kitabxanasına vermək
üçün 30 ədəd kitab alıb.
Yerli özünüidarə "Kvemo Kartli epiqrafik korpus - Tetritskaro,
Marneuli, Bolnisi" adlı 30 ədəd kitabı müəllif Tamaz Qoqoladzedən,
sadələşdirilmiş qaydada 1800 lariyə alıb.
“Xatırladaq ki, mənim “Kvemo Kartli epiqrafik korpus -
Tetritskaro, Marneuli, Bolnisi" adlı əsərim işıq üzü görüb. Əsərdə
Tetritskaro, Marneuli, Bolnisi bələdiyyələrinin 300-ə yaxın qədim
gürcü tarixi yazısı yer alıb. Əsərdə yazıların bir hissəsi
tarix-mənbəşünaslıq baxımından araşdırılıb və analiz edilib. Bu,
Kvemo Kartlinin keçmişi ilə maraqlanan geniş ictimaiyyətə Kvemo
Kartlinin tarixi-coğrafi əyalətinin əsrlər boyu necə mühüm rol
oynadığını görməyə imkan verəcək”, - tarix elmləri
doktoru Tamaz Qoqoladzenin Marneuli bələdiyyəsinin meri Kənan
Ömərova müraciətində qeyd olunub.
Tamaz Qoqoladze özü Marneuli meriyasına istədikləri halda kitab
almağı təklif edib və Marneuli meriyası onun təklifi ilə
razılaşıb.
“Xatırlatmaq istərdim ki, 2022-ci il fevralın 22-də
tarix elmləri doktoru Tamaz Qoqoladzenin müracətini aldım. Bu
“Kvemo Kartli epiqrafik korpusu - Marneuli, Tetritskaro, Bolnisi”
əsərində analiz edilmiş tarixi yazılar toplusu kitabının nəşri və
maraqlandığı halda özünüidarənin bir neçə nüsxə alması ilə
bağlıdır.
Əlavə olaraq əsərin kiçik hissəsi göndərilib, burada yazılardan
birinin açıqlaması görünür. Təqdim olunmuş material təsirli və
dəyərlidir.
Qeyd olunan kitabın əhəmiyyətindən irəli gələrək, hesab edirəm ki,
özünüidarə 30-35 nüsxə almalıdır. Sonra ictimaiyyətə əlçatan olması
məqsədi ilə bələdiyyənin kitabxana şəbəkəsinə
verilsin”, - Marneuli meriyasının Səhiyyə, Sosial
Təminat, Mədəniyyət, İdman və Uşaq Hüquqlarının Müdafiəsi
Xidmətinin rəhbəri Nino Dekanoidzenin izahatnaməsində qeyd
olunub.
Marneuli meriyası Tamaz Qoqoladze ilə 2023-cü ilin 10 martında
sadələşdirilmiş qaydada müqavilə bağlayıb. Meriya tarix elmləri
doktoru tərəfindən təqdim edilmiş 30 ədəd kitab alıb, bir kitabın
qiyməti 60 laridir.