Sosial yardım gözləntisində - Mikayevlərin uçmuş evdəki həyatı (VİDEO)
17:24 / 10.05.2023
Uçmuş divar, pəncərəsi olmayan nəmli və torpaq döşəməli otaqlar.
Marneulinin Qaçağan kəndində yaşayan Mikiyevlər ailəsi – 63 yaşlı
Əminə Mikiyeva və 36 yaşlı oğlu belə vəziyyətdə olan evdə
yaşayırlar.
Əminənin sözlərinə görə, ailəsinin vəziyyəti olduqca çətindir.
Onlar dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər. Amma bu günə
qədər onlara müsbət cavab verən olmayıb.
“Problemim odur ki, evimi düzəltdirmək istəyirəm. Bir
də dolana bilmirəm. Aldığım pensiya heç yeməyə və dərmana çatmır.
Divarlar deşikdir. Hər yerə ilan girir. 230 lari pensiya alıram.
Onu da bilmirəm yeməyə verim, yoxsa dərmana? Bacarmıram! Bir şey
edə bilmirəm. Pulum azdır. Çatdıra bilmirəm. Oğlum işləyə bilmir.
Nə bilim, qonşular kömək edirlər. İşıq pulumu ödəyirlər. Əlavə
yardım almıram. Yardıma müraciət etdim, düzəlmədi. Ərizə verdim,
düzəlmədi. Dedilər, sizə yardım düşür. Sonra dedilər ki, rədd
cavabı gəldi. Sizə yardım düşmür. 11 ay bundan qabaq müraciət
etmişdik. Bir də təzəlikcə müraciət etmişik. Hələ ki bir şey
yoxdur. Sonra bir-iki dəfə getdim, dedilər düşmür. Sonra getmədim.
Özüm də, nəvəm də, oğlum da xəstəyik. Özümün təzyiqim, şəkərim var.
Ciyərimə su yığılır. Xəstəliyə görə yardım almırıq. Mən heç yardımı
tanımıram, nəyə deyirlər. İndiyə qədər almamışam, görməmişəm.
Əvvəllər tək olurdum. Bir dəfə gürcü işıq yazanla gəldi, baxıb dedi
ki, sizə yardım düşmür. Niyə düşmür, bilmirəm. Elə dəyərli bir
şeyim yoxdur. Evim nizam deyil. Yardım niyə
düşməsin”?
Mikiyevanın dediyinə görə, hazırda ailənin yeganə gəlir mənbəyi
böyrək xəstəliyyindən əziyyət çəkən övladının çobanlıq edərək əldə
etdiyi qazancı və özünün aldığı 230 lari təqaüdüdür. Bu isə onların
ehtiyacını qarşılamır.
“Evimiz təxminən 90-cı illərdə tikilib. Evimizin yarısı
6-7 il olar ki, uçub. Amma bura keçən il uçdu. Az qalmışdı ki, uşaq
altında qalsın. Gəlin uşağı bu yana çəkib elə o vaxt divar uçub.
Hasar uçub, dağılıb. Hər yer dağılıb. İmkanım yoxdur ki, düzəldim.
Selsavet gəlib baxıb. Şəkilini çəkdi, daha sonra ərizə yazdı. Gərək
adam hər şeyi düz danışa. Ərizə yazdı, kömək etdi. Dedi elə edəcəm
ki, tez olsun. Bir az yardım düşsün. Amma heç nə olmadı. Üç dəfə
xəstəxanada yatdım. Oğlumun da böyrəkləri və ürəyi ağrıyır. Həkimə
apara bilmirəm, pulum çatmır. Oğlumun 36 yaşı var. Nəvəm də yeddi
yaşına keçib. Oğlum heç yerdə işləmir. Arada bir qoyuna gedir. O da
qəpik-quruşa. Pensiyadan başqa bir manat gəlirimiz yoxdur. Əkin
sahəmiz də yoxdur”.
Əminə Mikiyevanın qonşuları da ailənin vəziyyətinin çətin olduğunu
təsdiq edirlər. Ailə dolana bilmədiyi üçün qonşular onlara dəstək
olmağa çalışırlar.
“Vəziyyətləri çox çətindir. Dolana bilmirlər. İşıq yox,
qaz yox, bulaq yox. Kommunal pulunu da qonşular ödəyir. Odun ala
bilmirlər. Vəziyyətləri çox çətindir. Qonum-qonşu odun verir. Oğlu
da xəstədir. Həkimə getməyə imkanları yoxdur. Anası özü iynə,
dərman almağa gedir. Aptekdən öz yanından dərmanlar alıb içirir.
Dolanışığın ucbatından çobanlıq edir ki, pul qazansın, ailəsini və
anasını saxlasın. Çox çətindir. Sosial yardım almırlar. Müraciət
etdilər. Neçə dəfə Marneuliyə getdilər-gəldilər. Sonra dedilər
Tbilisidən rədd cavabı gəlib, vermirlər. Bizim özümüzün kənd icra
nümayəndəmiz də gəldi, şəkilini çəkib apardı. Yenə də baxmadılar.
Üç ildir evləri uçub. Vəziyyətləri çox çətindir. Uşaq xəstədir. Heç
harada işləyə bilmir. Bircə çobanlığa gedir. Ordan da 3-5 manat
qazanır. Onunla da ailəmi saxlamaq olar”, –
Mikiyevlərin qonşusu Tahirə Aslanova dedi.
Mikiyevlər ailəsi aidiyyəti orqanların onların səsini eşidib,
dəstək olacaqlarına inanırlar.
Mikiyevlər ailəsi Marneulinin Sosial Xidmət Agentliyinə yaşayış
minimumu verilməsi üçün bir daha ərizə yazıb. Sosial yardımın təyin
olunub olunmayacağı onun ailə şəraiti bir daha yoxlandıqdan sonra
bilinəcək.