Marneuli bələdiyyəsinin Qızılhacılılı kəndində yaşayan 50 yaşlı
Məzahir Namazov hər gün kələ-kötür yolla Marneuli bazarına işə
gedib-gəlir.
Hər dəfə işə gedib-gəldiyində nahamar yollardan istifadə edir.
Namazovun sözlərinə görə, 4-5 ildir ki, Marneuli bazarında
motosikletlə yük daşıyır. Yük daşıyaraq qazandığı pulla isə
ailəsinin ehtiyacını qarşılayır. Hər dəfə kəndə gedib-gələndə
çətinlik çəkir. Məzahir bunu nəzərə alaraq öz motosikleti ilə
daş
karxanasından çınqıl gətirərək, yaşadığı küçədəki kələ-kötür yolu
düzəldir.
“Bu yolu həmişə düzəldirəm. Yolla gedəndə keçə
bilmirsən. Maşın yanından keçə bilmir. Maneçilik törədir. Özümüzə
görə düzəltdim. 3-4 dəfə çınqıl tökmüşəm. Bir ayda 2-3 dəfə çınqıl
tökürəm. Xarab olanda düzəldirəm. Heç kim də düzəltmir. Mən də
çınqıl doldurub gətirib düzəldirəm. Təxminən 10 ildən artıqdır ki,
bu yol belədir. 10 gün olar ki, həmin yerə çınqıl tökmüşəm.
Maşınlar keçəndə altı dəyirdi. Mən də keçəndə motosikletim ləngər
verirdi. Yol pis gündə idi. Doldurdum ki, hamı rahat
keçsin”, – Məzahir Namazov dedi.
Qızılhacılı kəndində daxili yolların bərpa olunub-olunmayacağı ilə
bağlı Marneuli bələdiyyə məclisinin üzvü Ceyhun Çovdarovla əlaqə
saxladıq. O, “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki,
indiki mərhələdə Qızılhacılı kəndində daxili yollara asfalt qatının
çəkilməsi planlaşdırılmır.
“Kanalizasiya və içməli su sistemi çəkilir. Bizim
kənddə də iş getdiyinə görə, yolla bağlı heç nə yoxdur. Ona görə
ki, kanalizasiya və içməli su sistemi bitdikdən sonra hər yer
asfaltlanacaq. Layihənin başa çatmasını gözləyirik. Layihə bitəndən
sonra yollar bərpa olunacaq və düzəldiləcək. Plana görə, hər yer
asfalt olacaq. İndiki mərhələdə yol planlaşdırılmır. Hal-hazırda
qazıntı işləri gedir. Layihə başa çatdıqdan sonra Qızılhacılı
kəndində küçələr asfaltlanacaq”, – Ceyhun Çovdarov
dedi.
Qeyd edək ki, Marneuli bələdiyyəsində 2019-cu ildən içməli su və
kanalizasiya xətinin çəkilməsi işləri həyata keçirilir. Mərkəzi və
daxili küçələrdə qazıntı işləri aparılır. Hal-hazırda yolların bir
qismi yarasız vəziyyətdədir. Marneuli və Bolnisi bələdiyyələrində
yeni su xəttinin çəkilməsi və kanalizasiya sisteminin yenidən
qurulması layihəsini “Şəhər Xidmətinin Yaxşılaşdırılması Üzrə
Sərmayə” proqramı çərçivəsində Asiya İnkişaf Bankı maliyyələşdirir
və layihənin dəyəri 55 940 022 dollardır.