Səni bəyənmirlər, çünki… – fərqliliyə görə ayrı-seçkilik
İnsanlar əksər hallarda dərisinin rəngi, dil bilməməsi, inanc, cinsi meyllilik və ya başqa fərqli əlamətlərə görə ayrı-seçkilik qurbanı olurlar. Ayrı-seçkilik gündəlik həyat tərzində, evdən universitetə gedən yolda, iş axtarma və ya qərar qəbul edilməsi prosesində iştirakda özünü göstərir. Səidə hicab taxdığına görə əksər hallarda zorakılıq qurbanı olub və öz təcrübəsini auditoriya ilə bölüşür.

Dövlət dilini yeni öyrənən və təhsil almaq üçün Tbilisidə yaşayan etnik azlıq nümayəndəsi olan gənclər müxtəlif ayrı-seçkilik qurbanı olublar. Gənclər Tbilisidə qaldıqdan sonra yaranan problemlərdən və onların həlli yollarından danışırlar.

“Bir dəfə CV-mi şəkilsiz göndərmişdim. Zəng vurdular və məni müsahibə mərhələsini keçməyə çağırdılar. Gedəndə dedilər ki, mənim təcrübəmi çox bəyəniblər, amma zahiri görünüşümü bəyənməyiblər. Məndən soruşdular ki, əgər məni işə qəbul etsələr, görünüşümü dəyişərəm, ya yox, istəyirdilər ki, hicabımı açım. Bu, əlbəttə, çox böyük ayrı-seçkilikdir”, – 21 yaşlı Səidə Məmmədova artıq neçə ildir hicab taxır. Səidə təhsil almaq üçün Tsalkadan Tbilisiyə gedəndə hicab taxmağa qərar verib. Hicab onun üçün azadlıq və özünümüdafiədir. Amma elə hallar olur ki, o, hicaba görə özünü təhlükədə hiss edir.

“Hicab mənim üçün daxili azadlıqdır. Baxmayaraq ki, bizim ölkədə bu qəbuledilməzdir, çox sayda baryer yaradır. Biz zahiri görünüşümüzə görə həmişə ayrı-seçkilik qurbanı oluruq və gürcü filologiyasında təhsil almağıma baxmayaraq, istəyirəm, bu ictimaiyyətə inteqrasiya olum, ancaq hicab taxdığıma görə yenə təcrid olunuram”.

Səidə ayrı-seçkilik qurbanı olduğu halları xatrılayır. Gənc qızın ictimai məkanlarda, eləcə də iş axtaran zaman hicaba görə problemləri yaranıb.

“Həmişə hicab taxdığımıza görə bizə pis baxırlar. Hesab edirlər ki, mütləq evli olmalıyam, dil bilmirəmsə, deməli Gürcüstan vətəndaşı deyiləm. Bir dəfə metroda gedirdim, bir qadın mənim hicabımı açmağa cəhd göstərdi. Bəzi şərhlər də bildirdi və gürcü dilində cavab verəndə, aqressivləşdi, mənə hücum etdi. Tez-tez belə hücum obyektinə çevrilirəm. Bundan əlavə, iş axtaran zaman da problemlərimiz yaranır. CV-də şəklimi gördükdən sonra müraciətimi heç müzakirə də etmirlər”,
– Səidə bildirir.

Səidə Cavaxişvili adına Universitetin üçüncü kurs tələbəsidir və gürcü dili filologiyası üzrə təhsil alır. Səidə düşünür ki, ictimaiyyətdə dini və ya etnik azlıqlara qarşı yanaşmanın yaxşılığa doğru dəyişdirilməsi icma üzvlərinin fəallığı, səsini çıxarması və ictimaiyyətə məlumat çatdırmaqla mümkündür.

“Biz izah etməliyik ki, biz təhlükə deyilik, biz sadə adamlarıq və bizdən pis nə isə edəcəyimizi gözləməsinlər. Biz də Gürcüstan vətəndaşlarıyıq. Biz tamhüquqlu vətəndaşlarıq. Bizə deyirlər ki, tarixi oxuyaq və görək əcdadlarımız hicab taxıblarmı. Mən də istəyirəm, bu adamlar tarixi oxusunlar və bizim kim olduğumuzu öyrənsinlər, ümumiyyətlə, İslam nədir və biz niyə hicab taxırıq. Belə yanaşma yalnız etnik azərbaycanlılara qarşı deyil. Çox sayda hicab taxan gürcü müsəlman var. Onlar da belə problemlər qarşısında qalıblar”, – Səidə deyir.

Dmanisili gənc Ruslan Omarov da ayrı-seçkilik qurbanı olub. Hüquq-mühafizə orqanı nümayəndələri ona qarşı etnik əlamətə görə ayrı-seçkiliyə yol veriblər. Ruslan atası, əmisi oğlu və dostları ilə birlikdə avtobus dayanacağında dururmuş, iki nəfər forma geyinmiş şəxs ona yaxınlaşıb və kimliyini təsdiqləməsini istəyib. Ruslan deyir ki, polislər onlara məsxərə ilə yanaşırmış, onların gürcü dilini bilməməsini vurğulayırlarmış.

“Onlar tələbədir, heç nə etməyiblər” deyən atama yuxarıdan aşağı baxaraq, “Ümumiyyətlə, sən kimsən? Gürcü dilini bilirsən?” – dedilər. Bu ayrılıqda, məni çox əsəbiləşdirdi. Təsəvvür etdim ki, gürcü dilini bilməsəm, mənimlə necə davranardılar. Bundan sonra bir az söhbətimiz uzandı. Söhbət də necə? Hər iki sözdən birində səni təhqir etmək, alçaltmaq istəyirlər”, – Ruslan deyir.

Ruslanın işini Xalq Müdafiəçisi də araşdırır. Polislərin səlahiyyətlərini aşması ilə bağlı istintaq aparılır. Amma istintaqın hansı mərhələdə olduğu məlum deyil.

Aidə, Türkan, Ceyran və Gülçin 1+4 proqramı üzrə təhsil alan tələbədirlər. Təxminən 10 aydır ki, qızlar təhsil almaq və yaşamaq üçün Tbilisidə qalırlar. Onların dördü də qeyd edir ki, Tbilisidə yaşayana qədər onları gürcü cəmiyyətinə necə qəbul edəcəkləri, Tbilisidə necə yaşayacaqları ilə bağlı qorxuları var idi.


1+4 proqramı etnik azlıq nümayəndəsi olan gənclərin inteqrasiya prosesinə qismən dəstək olur. Proqrama görə, etnik azlıq nümayəndəsi olan tələbələr universitetdə birinci il gürcü dilini öyrənirlər və sonra 4 illik bakalavr təhsilini davam edirlər.

2014-cü ildə aparılan Gürcüstan əhalisinin ümumi siyahıya alınmasının son göstəricilərinə görə, Gürcüstan əhalisinin 13% etnik azlıq nümayəndəsidir. Onlar arasında ən çoxu azərbaycanlı və erməni icma nümayəndələridirlər. Baxmayaraq ki, qeyd olunan etnik qruplar Gürcüstanda əsrlərdir, yaşayır, əhalidə hələ də müəyyən stereotiplər qalmaqdadır, etnos, yaxud dini əlamətlə ayrı-seçkilik halları da qeydə alınır.

Tolerantlıq və Rəngarənglik İnstitutunun “Gürcüstanda irqi ayrı-seçkilik – polis sistemində etnik azlıqlar və miqrantlara qarşı olan siyasət və təcrübə” araşdırmasına görə, etnik azərbaycanlı müsahiblər bildirirlər ki, tez-tez onları “təhsilsiz” hesab edirlər və qadınlara tez-tez onların mütləq erkən yaşda evləndiyini deyirlər. Etnik erməni müsahiblər ermənifobiyadan danışırlar. Onların fikrincə ən çox “yalançı”, “xəsis”, “xəyanətkar”, “oğru” damğalarından istifadə edirlər. Bəzi müsahiblər Gürcüstanda mövcud olan ermənifobiyanı dünyada mövcud ola antisemitizmlə müqayisə edirlər.

“Tez-tez nəqliyyatda gürcülər bizi “tatar” çağırır və nə isə pis hadisə baş verəndə bizi günahlandırırlar. Əgər azərbaycanlısansa, əksər hallarda hesab edirlər ki, təhsilsizsən, azərbaycanlı qadınlar mütləq erkən yaşda evlənirlər”,
– (etnik azərbaycanlı müsahib, Kvemo Kartli).

Araşdırma 2021-ci ildə aparılıb və orada etnik ya dini azlıq nümayəndələrinin hüquq-mühafizə orqanları tərəfindən qarşılaşdığı problemlərdən, diskriminasiya hallarından söhbət açılır. Araşdırma göstərib ki, müəyyən hallarda etnik azlıq nümayəndələri gürcü dilində danışan zaman hüquq müdafiə orqanı nümayəndələri tərəfindən onlara yanaşma dəyişir.

İctimai və hüquq orqanlarında olan diskriminasiya halları ilə birlikdə Gürcüstanda sistem problemləri yenə də var. Tolerantlıq və Rəngarənglik İnstitutunun 2022-ci ilin “Gürcüstanda din və inanc azadlığı” araşdırmasına görə, din, inanc azadlığı və dini birliklərin bərabərhüquqluğu istiqamətində illər ərzində mövcud olan bütün sistemli problem yenidən həll olunmadan qalır. Araşdırmalara görə, hakimiyyət orqanları qanunvericilikdə və ya təcrübədə mövcud ayrı-seçkilik yanaşmalarına qarşı təsirli addımlar atmalıdır.


Material "Marneuli" radiosu tərəfindən, USAİD-in Qanunun Aliliyi Proqramının dəstəyi ilə həyata keçirilən, Tolerantlıq və Rəngarənglik İnstitutunun "Gürcüstanda dini, etnik azlıqlar və miqrantların qanuna əlçatanlığının artırılması" layihəsi çərçivəsində hazırlanıb. Materialın məzmununa görə, "Marneuli" radiosu tam məsuliyyət daşıyır və materialda səsləndirilən fikirlər yuxarıda qeyd olunan donor təşkilatın mövqeyini əks etdirməyə bilər.
Print ელ. ფოსტა
FaceBook Twitter Google