Kəndlərdə skrininq – qadınlar üçün ikinci həyat şansı
"Qadınların reproduktiv sağlamlığı və hüquqlarının müdafiəsi" – Vətəndaş Bərabərliyi Platforması təşkilatının Bolnisi bələdiyyəsində kəndlərdə yaşayan 400 qadına tam təmənnasız skrininqdən keçmək şəraiti yaradan layihəsi belə adlanır. 6 ay ərzində 8 qadına süd vəzisi və uşaqlıq boynu xərçəngi diaqnozu qoyulub.

Bolnisi televiziyasının jurnalisti, 47 yaşlı Lika Enukidze tibb müəssisəsinə skrininqi işıqlandırmaq üçün gedib. O, bildirir ki, çəkilişlə yanaşı müayinədən də keçməyə qərar verib.


“Bolnisi şəhərində iki dəfə pulsuz skirininq keçirildi və mən jurnalist kimi işıqlandırmağa dəvət olunmuşdum. Çəkilişlərdən birində Samirədən (layihənin rəhbəri) xahiş etdim ki, mən də skrininqdən keçim. Bu yolla məndə bədxassəli şiş olduğunu öyrəndim. Bütün qadınlara demək istəyirəm ki, mütləq skrininq etsinlər. Bu xəstəlik tam təsadüfən aşkar olana qədər heç bir simptomum yox idi. Samirə və bu layihə olmasa, ikinci həyat şansım olmayacaqdı. Bütün qadınlara demək istəyirəm ki, mütləq skrininq etsinlər”, – Lika Enukidze bildirir.

Lika kimi, skrininq zamanı Muğanlı (Farizi) kənd sakini Emzarə Cəfərovanın 58 yaşlı anasının da onkoloji xəstəliyinin olduğu aşkarlanıb.

“Pulsuz skrininq proqram olmasa, yəqin anam öz xəstəliyi haqqında vaxtında məlumat ala bilməyəcəkdi və heç müalicə də olunmayacaqdı. Anam 58 yaşındadır və indi daimi mübarizə qarşısındayıq. Dil baryerinə görə çox şeylər əlçatan deyil. Minnətdaram ki, bu proqram vaxtında yarandı. Belə xidmətlər kənd sakinləri üçün əlçatan olmalıdır”, – Emzarə Cəfərova deyir.

Bolnisi sakini Təranə İsgəndərova kəndlərdə qadınların məlumatlandırılması üçün “Vətəndaş Bərabərliyi Platformasına” kömək edənlərdən biridir. O, yerli icmada reproduktiv sağlamlıq haqqında məlumatlandırma səviyyəsinin artırılmasına çalışır. Təranə qeyd edir ki, ona layihədə iştirak etmək təklif edildiyində sevinclə razılaşıb, çünki icmanın problemlərini yaxşı bilir:

“Bir neçə ay əvvəl dedilər ki, bir qadın mənimlə görüşmək istəyir. Həmin adam qadınları pulsuz müalicə etmək istəyir. Böyük məmnuniyyətlə bu təşəbbüslə razılaşdım. Razılaşdıq və 15 qadına layihədə iştirak etməyi təklif etdim. Bolnisi xəstəxanasına getdik və pulsuz tibbi xidmətlərdən yararlandıq. 15 qadından birində xərçəng aşkarlandı. O, bu barədə heç nə bilmirdi”,– Təranə İsgəndərova deyir.

“Vətəndaş Bərabərliyi Platformasına” Samirə İsmayılova rəhbərlik edir. Onun sözlərinə görə, əsas benefisiarlar kənddə yaşayan etnik azlıq nümayəndəsi olan qadınlar və gənclər, əlavə müxtəlif növ baryerləri olan şəxslərdir.

“Bizim layihə – qadınların reproduktiv sağlamlığına dəstək və hüquqlarının müdafiəsi layihəsi sayəsində 8 qadını xilas edə bildik. Buradan 4 xəstədə döş xərçəngi aşkarlandı, qalanlarında isə uşaqlıq boynu xərçənginin müxtəlif patalogiyaları var idi. Təəssüf ki, çox sayda məlumatsız qadınla qarşılaşdıq. 6 aylıq fəaliyyətimiz nəticəsində 40-a yaxın görüş keçirdik. Qadınlarla birbaşa görüşürdük. Ümumilikdə 1500 qadınla görüşdük və buradan 400 qadın bizim layihə çərçivəsində sona qədər xidmətdən yararlana bildi”, – Samirə bildirdi.

Vətəndaş Bərabərliyi Platforması indi reproduktiv sağlamlıq istiqamətində Marneuli, Bolnisi və Dmanisidə yerli özünüidarələr səviyyəsində mexanizmlər tətbiq etsinlər. Bunun üçün təşviqat kampaniyasına başlayıblar. İsmayılova ümid edir ki, kampaniyanı uğurla həyata keçirəcəklər.

“Layihəni davam etdirmək istəyirik və mövcud mexanizmi yerli özünüidarə səviyyəsində tətbiq etmək istəyirik ki, bələdiyyə səviyyəsində mexanizmlər nəzərə alınsın. Bu mexanizmlər Bolnisi, Dmanisi və Marneuli bələdiyyəsində kəndlərdə yaşayan, etnik azlıq nümayəndəsi olan, xidmətlərə əlçatanlığı çox aşağı olan, həssas qadınlara dəstək olacaq”, – təşkilat rəhbəri bildirir. 

BMT-nin Əhali Fondunun Gürcüstan ofisinin rəhbəri Lela Bakradze bildirir ki, Gürcüstanda reproduktiv sağlamlığın qorunması istiqamətində bir neçə pulsuz proqram var. Ancaq bu günə qədər əhalinin məlumatsız olması ciddi problem olaraq qalmaqdadır. Bakradzenin sözlərinə görə, baxmayaraq ki, bədxassəli xərçəngin skrininq proqramı BMT-nin Əhali Fondunun texniki yardımı ilə Gürcüstanda hələ 2009-cu ildən qüvvədədir, xidmətdən yararlanma göstəricisi aşağıdır. 

Skrininq proqramların effektiv olması və xərçəngdən yaranmış ölüm halları, xəstəliklərin azalması üçün əhalinin minimum 70% müayinədən keçməlidir. Ancaq Gürcüstanda son göstəricilərə görə, xərçəng ilə bağlı bir ilə olan faiz göstəricisi təxminən 14%, uşaqlıq boynu xərçəngi ilə bağlı isə 12%-dir.

“Bu proqramların əhaliyə yaxınlaşdırılması və qadınların bu xidmət haqqında daha çox məlumat alması üçün hələ görüləsi çox iş var. Ən əsası odur ki, bundan yararlansınlar. Gürcüstanda dövlət proqramı ilə dörd nahiyədə xərçəngin skrininqi əlçatandır. Uşaqlıq, süd vəzisi, yoğun bağırsaq və kişilər üçün prostat xərçənginin menecmenti və bu tam təmənnasızdır. Amma görünür, hələ də əhali bu xidmətlərin olduğunu bilmir və ya coğrafi əlçatanlıq onlar üçün yenidən problemdir. Ola bilsin, bu xidmətlər onların evinə yaxın deyil, uzaqda olsun. Məsələn, əgər Bolnisi ətrafında hansısa kənddə yaşayırlarsa, onlar xidmətdən yararlanmaq üçün Bolnisiyə gəlməli olacaqlar. Bu əlbəttə baryerdir. Erkən diaqnostika çox mühümdür. Xərçəngin idarə edilməsində ən mühüm iki məqam var: Bunlardan biri qarşısı alına bilən lokallaşdırılmış xərçənglərin qarşısını almaqdır. Məsələn, uşaqlıq boynu xərçəngi belədir və bunu skrininqin, peyvəndin vasitəsi ilə tam aradan qaldırmaq mümkündür; İkincisi erkən diaqnozdur, bu döş xərçəngi halında müalicənin müsbət nəticəsini yüksək dərəcədə artırır”, – Lela Bakradze bildirib.

Lela Bakradzenin sözlərinə görə, qadınların reproduktiv sağlamlığına kənd həkimləri mühüm dərəcədə təsir göstərə bilərlər:

“Bütün araşdırmalar göstərir ki, kənddə yaşayan qadınlar bu baxımdan daha həssasdırlar. Etnik azlıq nümayəndəsi olan qadınların da dil bilmədiklərinə görə kifayət qədər mühüm baryeri var. Əlbəttə, bu xidmətlərə əlçatanlığı azaldır. Bu baxımdan istəyirəm ki, kənd həkimlərinin rolunu diqqətə yetirim. Bu bəndin gücləndirilməsi bütün əhalinin məlumatlandırılmasına təsir göstərə bilər. Kiçik misal deyəcəyəm, kovid dövründə rəqəmsal və onlayn xidmətinin səhiyyə sahəsində nə dərəcədə potensialının olduğu yaxşı hiss olundu. Buradan irəli gələrək, Avropa İttifaqının dəstəyi ilə biz Gürcüstanda rəqəmsal tibbin inkişafı üzərində işləməyə başladıq. Proqramın nəticələrindən danışmaq tezdir, amma tətbiq olunacaq xidmətlərdən biri budur ki, kənd həkimləri öz məntəqə sakinlərini skrininq proqramına birbaşa yaza biləcəklər. Kənddə yaşayan qadınlar ambulatoriya həkiminin yardımı ilə onlayn şəkildə özlərinə uyğun vaxt seçə biləcəklər.”

2021-ci ili əhatə edən son statistikaya görə, Gürcüstanda qadınlarda ən çox süd vəzisi xərçəngi yayılıb. Uşaqlıq boynu xərçəngi isə beş ən çox yayılmış xəstəlik arasındadır.

“2015-ci illə müqayisə etsək, 2021-ci ildə yeni halların sayı azalıb. Bu yaxşı dinamika göstəricisidir. Skrininq proqramlar, xüsusilə uşaqlıq boynu xərçənginin skrininqi və peyvənd, göstəriciləri daha çox azaltmağa imkan yaradacaq. Skrininqi və peyvəndi tətbiq edən ölkələr faktiki olaraq yeni halları sıfıra endiriblər. Uşaqlıq boynu xərçəngi faktiki olaraq bu ölkələrdə yoxdur”, – BMT-nin Əhali Fondunun Gürcüstan ofisinin rəhbəri bildirir və qeyd edir ki, Gürcüstanın bu kimi risklərin qarşısını almaq potensialı, həqiqətən, var. Ən çox lazım olan yeganə şey məlumatlı olmaqdır və dövlət mütləq bunun qayğısına qalmalıdır.

Uşaqlıq boynu xərçəngini yaradan səbəb papiloma virusudur. Bu virus kifayət qədər asan, hər növ cinsi əlaqə vasitəsi ilə yayılır. Papiloma virusunun 100-dən artıq tipi tanınır. Ancaq onların hamısı xərçəng riski yaratmır. Xəstəliyin qarşısını almağın ən yaxşı yolu diaqnostika ilə yanaşı peyvənd olmaqdır. Peyvənd insan orqanizmini papiloma virusunun xərçəngi yaradacaq tiplərindən qoruyur.
Peyvənd üçün qız və oğlanlarda ən yaxşı yaş 10-14 yaş hesab olunur.

2019-cu ildən papiloma virusu peyvəndi Gürcüstanın Milli Peyvənd Proqramın daxil edilib. Əgər ona qədər peyvənd yalnız 10-12 yaşlı qızlar üçün pulsuz idisə, 2022-ci ildə bu 18 yaşa qədər artdı. 2023-cü ildə isə hökumətin qərarı ilə yuxarı yaş həddi 26 yaşa qədər artırıldı.

Print ელ. ფოსტა
FaceBook Twitter Google