DTX-nın saxlanılan keçmiş əməkdaşı Qaxarianın partiyasından Marneuli Bələdiyyə Məclisi üzvlüyünə namizəd olub
Şəxsi həyatı təsvir edən görüntülərlə şantaj və qəsb etmə ittihamı ilə saxlanılmış DTX-nın keçmiş Marneulili əməkdaşı İlham Axiyev 2021-ci ilin yerli özünüidarə seçkilərində Marneuli Bələdiyyə Məclisində yer almağa cəhd edib.

İlham Axiyev Qiorqi Qaxarianın "Gürcüstan naminə" partiyasının proporsional siyahısında səkkizinci yerdə qərarlaşmışdı.

"Gürcüstan naminə" partiyasından İlham Axiyevin seçki siyahısında olduğunu "Marneuli" radiosuna təsdiq etdilər.

Partiyadan bildirirlər ki, Axiyev seçkilərdən sonra onlarla əməkdaşlığı davam etdirməyib və partiyada fəaliyyət göstərməyib.

Şəxsi həyatı təsvir edən görüntülərlə şantaj və qəsb etmə ittihamı ilə saxlanılıb İlham Axiyev haqqında "Tv Pirveli" süjet hazırlayıb.

Kanalın hazırladığı süjetə görə, şəxsi həyatı təsvir edən görüntülərin yayılmasında iki müttəhim var. İlham Axiyev və daşınmaz əmlak agenti birlikdə hərəkət edirmişlər. Onlar şantaj nəticəsində qadının "Marneuli Plazada" yerləşən mənzilini əlindən alıblar.

İşin təfərrüatlarından danışan prokuror bildirib ki, törədilmiş cinayət nəticəsində zərərçəkmiş şəxsə 188 000 lari dəyərində ziyan dəyib.

Marneulili İlham Axiyev 20 il ərzində Dövlət Təhlükəsizlik Xidmətində işləyib. Saxlanılan şəxsin ailə üzvləri hesab edirlər ki, o, günahsızdır. Onun atası bildirir ki, oğlu sistemin qaranlıq işləri barədə çox şey bilirdi və onu məhz bu səbəbdən saxlayıblar.

Print ელ. ფოსტა
FaceBook Twitter Google