Parlamentin üzvü Tariel Nakaidze Tbilisi Şəhər Məhkəməsinə
şikayətlə müraciət edib.
Məsələ Parlament tərəfindən Tariel Nakaidze üçün mühüm olan dini
bayram, Qurban bayramında Parlamentə getməməsinin üzrlü səbəb hesab
olunmaması ilə bağlıdır.
Parlamentin üzvü Tariel Nakaidzenin maraqlarını Tolerantlıq və
Rəngarənglik İnstitutu (TDİ), İlia Dövlət Universitetinin Hüquq
Məktəbinin İnsan Hüquqları Klinikası müdafiə edir.
Tariel Nakaidzenin hüquqlarını müdafiə edənlərin fikrincə
Parlament
Tariel Nakaidzenin maraqlarını nəzərə almayıb:
“Belə halda Parlament fərdi olaraq Tariel Nakaidzenin
dini və etiqad azadlığından yararlanmasının mühüm marağını
qiymətləndirməli və insan hüquqlarının müdafiəsinin xeyrinə qərar
qəbul etməli idi”, – TDİ-ın məlumatında qeyd
olunur.
Məlumatda qeyd olunub ki, Parlament din azadlığı kimi mühüm marağı
nəzərə almayıb və Parlament reqlamentinin formal tələbinin
qorunmasına üstünlük verib. Reqlament isə öz növbəsində dini
azlıqlara mənsub olan Parlament üzvlərinin vacib dini bayramlarını
qeyd etmək üçün heç bir istirahət gününün olmadığını nəzərə
almır:
“Tariel Nakaidzenin şikayətində Parlament tərəfindən
ona qarşı dini və etiqadına görə ayrı-seçkilik faktının
təsdiqlənməsi, ziyanın qarşılanması tələb olunur. Ümid edirik ki,
Tbilisi Şəhər Məhkəməsi Tariel Nakaidzenin şikayətini təmin edəcək.
Bu Gürcüstanda din və etiqad azadlığı, bərabərliyi təmin etmək,
eləcə də dini bayramların qeyd olunması üçün istirahət günlərindən
yararlanmaq imkanı baxımından da mühüm qərar olacaq”,
– məlumatda oxuyuruq.
Gürcüstan Parlamentinin üzvü Tariel Nakaidzenin Qurban bayramında
Parlamentin iclaslarında iştirak etmədiyinə görə əməkhaqqından 500
lari kəsiblər.
Bu onun əməkhaqqının 10%-dir. Nakaidze deyir ki, bir gün əvvəl
Parlamentdə ictimai şəkildə onun mədəniyyəti üçün mühüm gündə
iclasda iştirak etməyəcəyini bildirsə də, vəziyyəti nəzərə
almayıblar, yenə də cərimə yazıblar. Parlamentin üzvü etnik
azlıqlara qarşı qeyri-bərabər və diskriminativ yanaşmalardan söhbət
açıb.
“27 iyun tarixində Parlamentin plenar iclası baş tutanda mən
bildirdim ki, 28 iyunda sessiyada olmayacağam. Çünki bu tarixdə
müsəlmanların bayramı – Qurban bayramı idi. Orada bildirdim ki, bu
ölkədə bir dəfəlik dini azlıqların öz bayramlarını qeyd etmək
hüququ olmalıdır və həmin günlər istirahət günü elan edilsin. Bu
bir növ aksiya idi. Düzünü desəm, ümid edirdim ki, bunu nəzərə
alacaqlar və üzrlü səbəb hesab edəcəklər. Amma elektron poçt
ünvanıma gələn cavabda qeyd olunmuşdu ki, konkret olaraq üzrlü
səbəb hesab olunmur və ona görə də nəzərə almadıqları ilə bağlı
əsasım var. Bu mənim üçün sadəcə mühümdür və yeganə aydın nümunədir
ki, məsələn, bir dominant dinin bir neçə bayram günü varsa, bu niyə
problem olmalıdır. Heç bir dini azlıqların bu şəraiti yoxdur. Bu
ümumi qanunla diskriminativ yanaşmadır. Bu düzgün deyil, hansısa
din ən az bir mühüm bayram günündən istifadə edirsə, başqa dini
azlıqlar da istifadə etməlidirlər”, – Parlament üzvü bildirib.