“Marneuli Doğum Evində 14 yaşlı qız uşaq dünyaya
gətirib”
“15 yaşlı qızı valideynləri zorla evləndirirdilər” “Direktor 16 yaşlı qızın nişanlandırılması faktına reaksiya
göstərməyib”
“15 yaşlı qızın gizli nişanı haqqında onun sinif yoldaşları məlumat
yayıb”
“Marneulinin ictimai məktəb müəllimlərindən biri 14 yaşlı qızın
nişanını pozub”
Bu Marneuli bələdiyyəsində son illər ərzində erkən yaşda nikah və
nişanlandırılma haqqında yayılmış məlumatların bir qismidir.
Azyaşlı ilə nikah hallarının hər birinin arxasında uşaqlığını
itirən qız dayanır. Onun arxasında isə valideynləri, böyüdüyü icma,
məktəb, hüquq-mühafizə orqanları və yerli özünüidarə durur. Onlar
bu hadisələrin qarşısını ala bilməyiblər və ya əksər hallarda
azyaşlıya psixoloji ya fiziki ziyan vurmuş cinayətlərə dəstək də
olublar.
Hüquq müdafiəçiləri razılaşırlar ki, məktəb uşağın özünü mühafizədə
hiss etməli olduğu və öz problemləri barədə ictimai şəkildə danışa
biləcəyi yerdir. Məhz məktəb yönləndirmə mexanizminin əsas
bəndlərindən biridir (uşaq nikahının və nişanlanmasının
aşkarlanması və qarşısının alınması), lakin məktəb həmişə uşağı
müdafiə etmir.
Məktəb 27 yaşlı, onu qaçıran şəxs tərəfindən güllələnərək öldürülən
14 yaşlı Aytacı lazımi səviyyədə qoruya bilmədi. Aytac Dmanisi
bələdiyyəsinin Yuxarı Qarabulaq kənd ictimai məktəbində təhsil
alırmış. Onun qətlindən sonra məktəb direktoru qızın qaçırılması
ilə bağlı məlumatı olmadığını deyib və uşağın anası Aytacın oktyabr
ayından məktəbə getməyə davam edəcəyinə söz veribmiş.
Aytac Dmanisidə, Hüseynkənddə yaşayırmış. Məktəbə isə Yuxarı
Qarabulağa gedirmiş. Hsüeynkənddə məktəb fəaliyyət göstərmir –
tavan uçub, pilləkanlar çürüyüb, sinif otaqlarında otlar bitir,
döşəmə və tavan mamırla örtülüb. Aytacın həmkəndliləri erkən yaşda
nikah barədə danışmaq istəmirlər. Amma məktəbin qızların inkişafı
üçün nə dərəcədə mühüm olduğunu qeyd edirlər.
“2 mərtəbəli məktəbdir. Sahibsizlikdən məktəb dağıldı
və uşaqlar Qarabulağa gedirlər. O, qız da (Aytac) oraya getdi və
öldü. Bu məktəbin olmamasına görə, baş verdi”, –
Hüseynkənd sakini Kamandar Qəhrəmanov bildirir.
“Məktəbimiz yoxdur və nəvələrim Marneulidə təhsil
alırlar. Əvvəl məktəb var idi, amma indi uçub və uşaqlarımız başqa
kəndə gedirlər”, – Fəridə Ömərova bildirir.
Marneulili hüquq müdafiəçisi Samirə Bayramova təhsil sisteminin
keyfiyyətsizliyindən danışır. Onun sözlərinə görə, erkən yaşda
nikahın qarşısı almaqda əsas rolu məktəb daşımalıdır, ancaq reallıq
bunun tam əksini göstərir.
“Bu gün erkən yaşda nikah qurbanı olanlara göründüyü
kimi məktəb müvafiq təhsil, ümid, resurs verə bilməyib. Ona görə də
uşaq məktəbən qaçmaq istəyir. Ancaq yaxşı direktorlar, müəllimlər,
qanunu bilənlər, təhsil sistemi haqqında məlumatı çox olanlar,
məktəbin rolu haqqında bilən şəxslərin olduğu məktəblərdə erkən
nikah olmur və olsa da müəllim uşaqla, ailəsi ilə danışmağa
çalışır. Onların maksimum dərəcədə müvafiq qurumlara müraciət etmək
və bu problemi həll etmək cəhdini dəfələrlə
görmüşük”, – Samirə Bayramova bildirir.
Qızılhacılı 2 saylı və Baydar ictimai məktəbinin direktorları və
şagirdləri də erkən yaşda nikahı, nişanlanmanı problem hesab
edirlər.
Gürcüstan qanunvericiliyi ilə nikaha girmək yaxşı olaraq 18 yaş
müəyyən edilib. Azyaşlı ilə nikah qanunla cəzalandırılır.
“Erkən nikahdan danışanda və bəzən uşaq nikahı
ifadəsini işlətdikdə burada mühüm olan yaşdır. Əgər şəxs hələ 16
yaşına çatmayıbsa və nikaha daxil olubsa, aydındır ki, nikah cinsi
əlaqəyə girməni nəzərdə tutur, burada açıq-aşkar cinayət işi var.
Əgər 16 yaşdan 18 yaşa qədər olan şəxs nikaha girirsə, dövlət bunu
nikah kimi qəbul etmir, çünki dövlət deyir ki, belə ciddi, yəni
evlilik mənasını verən qərarı ancaq böyüklər
verməlidir”, – hüquq müdafiəçisi Baia Pataraia
bildirib.
Pataraianın sözlərinə görə, ən böyük problemlərdən biri ailə
üzvlərinin nikahla bağlı müstəqil qərar qəbul etməsi və azyaşlı
uşağı bu qərara tabe olmağa məcbur etməsidir.
“Bu halda azyaşlı qərar verə bilməzdi və vermir, amma
ailəsi qərarı verir və çox vaxt bu məcburi qəbul edilmiş qərardır.
Bizdə azyaşlının başqa maraqlarının olduğu, evlənmək istəmədiyi ilə
bağlı bir çox real faktlar var. Məsələn, təhsilini davam etdirmək
istəyir və ya başqa planları var, amma ailəsi ona mane olur.
Aydındır ki, bu məcburi nikahdır. Hüquqi baxımdan bu hətta evlilik
deyil və Gürcüstanda belə problemlər mövcuddur və
realdır”.
Hüquq müdafiəçisinin sözlərinə görə, ədliyyə sistemində qadınlara
və qızlara qarşı ayrı-seçkilik var ki, bu da gender həssaslığının
olmamasından irəli gəlir və dövlət cinsi cinayətləri görmür. Baia
Pataraia bildirir ki, dövlətin cinsi cinayətlər ilə bağlı siyasət
və qanunvericiliyi problemlidir və dəyişdirilməsinə ehtiyac
var.
Təcrübə də ayrı-seçkilik münasibətini göstərir, buna əsasən əgər
yetkin şəxsin yaşı 16-dan az olan şəxslə razılıq əsasında cinsi
əlaqədə olması sübut olunarsa, bu kiçik cinayət hesab edilir və
prosessual razılaşma bağlanır. Beynəlxalq təcrübəyə əsasən isə, 16
yaşına çatmamış şəxslə cinsi münasibətlər istənilən halda zorlama
kimi qiymətləndirilir.
Pataraianın sözlərinə görə, Aytacın qətli bizə göstərdi ki, erkən
nikahların qarşısını daha effektiv şəkildə almaq üçün cəmiyyətin
hökumət qarşısında daha sərt tələblər qoymasının vaxtı çatıb.
Polis dörd günlük axtarışdan sonra oktyabrın 10-da Aytacın
qatilini, onun "ərini" həbs edib. Asim Aslanov barəsində həbs
qətimkan tədbiri seçilib. O, ailə üzvünə qarşı ağır şəraitdə qəsdən
adamöldürmə, nikaha məcbur etmə, qanunsuz olaraq odlu silah
saxlama, qanunsuz olaraq azadlıqdan məhrum etmə maddələri ilə
ittiham olunur.
Məhkəmə qatildən başqa Aytacın anası və dayısını da həbsinə qərar
verib. Onlar nikaha məcbur etməkdə və cinayət barədə məlumat
verməməkdə ittiham olunurlar. Bu qurbanın ailə üzvlərinin məcburi
nikaha görə həbs olunduğu nadir hallardan biridir. Aytacın qətli
dövləti daha sərt reaksiya göstərməyə məcbur etdi ki, bu da
presedentə çevrilə və Gürcüstanda yaranmış təcrübəni dəyişdirə
bilər.
“İndiyə qədər bu bir hadisə dövlətin daha sərt yanaşdığı iş kimi
görünür, amma mən şəxsən məktəb rəhbərliyinin məsuliyyətini və bu
cinayətin baş verdiyini bilən, lakin bu barədə heç kimə xəbər
verməyən dövlət məmurlarının məsuliyyətini görənə qədər dövlətin bu
işi vicdanla araşdırdığını deyə bilmərəm. Bu gün azərbaycanlı
icmasında cəzalandırılmamaq sindromu hökm sürür, çünki əslində heç
kim cəzalandırılmır və insanlarda etdiklərinin yolverilən olduğu
barədə illüziyaları var”, – Baia Pataraia deyir.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, 2020-ci ildə
yetkinlik yaşına çatmamış şəxslə nikah bağlamaq zəminində
törədildiyi iddia edilən 134 cinayət işi, 2021-ci ildə 212 cinayət
işi, 2022-ci ilin 6 ayında (1 yanvardan 30 iyuna qədər) - 61
cinayət işi üzrə istintaqa başlanılıb.