Gürcüstan prezidenti Salome Zurabişvili Rusiya Federasiyasında
prezident seçkilərinin işğal olunmuş rayonlarda keçirilməsinə
münasibət bildirib və faktı qanun pozuntusu kimi
qiymətləndirib.
“Rusiyanın Gürcüstanın Abxaziya və Tsxinvali
bölgələrində seçki məntəqələri açması Gürcüstanın suverenliyinin və
beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.
Sərhədlərə bu açıq-aşkar etinasızlıq Rusiyanın imperiya
ambisiyalarını bir daha ifşa edir”, - Zurabişvili
X-də yazıb.
Gürcüstan Xarici İşlər Nazirliyi də faktla bağlı açıqlama yayıb,
burada konkret hərəkətin beynəlxalq hüququn fundamental prinsip və
normalarını pozduğu qeyd olunub.
“Beynəlxalq məhkəmələr tərəfindən müəyyən edilmiş işğal
fonunda və etnik təmizləmə nəticəsində işğal olunmuş ərazilərdən
qovulmuş əhalinin hələ də geri qayıtmasına imkan verilmədiyi bir
şəraitdə işğal olunmuş rayonlarda hər hansı seçkilərin keçirilməsi
qanunsuzdur”, - bəyanatda oxuyuruq.
Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti qeyd olunan məsələyə
lazımi qiymət verməyə və “Rusiyanın işğal olunmuş rayonlarda
Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə qəsd məqsədi daşıyan
növbəti qanunsuz hərəkətlərinə” reaksiya verməyə çağırıb.
Rusiya Federasiyasında prezident seçkiləri 2024-cü il martın
15-17-də keçirilib.
Qondarma Abxaziya və Osetiya ərazilərində də seçki məntəqələri
açılıb.
Qondarma Cənubi Osetiya Respublikasının Rusiya səfirliyinin naziri
və müşaviri Aleksandr Jurov yerli mətbuata bildirib ki, Cənubi
Osetiyada yaşayan əhalinin 97%-i hazırkı prezident Vladimir Putinə
səs verib.
Rusiya səfirliyinin ilkin məlumatlarına görə, qondarma
respublikanın 12 seçki məntəqəsində 17 minə qədər seçici səs
verməyə gəlib.