“Salam” Ədliyyə Evinin qarşısında tərcümə xidmətinə ehtiyacla bağlı aksiya-performans keçirib
29 mart tarixində “Salam” platforması Marneulidə tərcümə xidmətlərinin əlçatanlığı ilə bağlı aksiya-performans keçirib. Təşkilat üzvləri səhər saatlarında Ədliyyə Evinin yaxınlığında toplaşaraq, stol-stul qoyub sakinlərə pulsuz tərcümə resursları təklif ediblər.

“Salam”-ın üzvlərindən olan Aytac Xəlilli Marneuli radiosu ilə söhbəti zamanı bildirir ki, onların məqsədi dövlət qurumlarının etnik azlıqların məskunlaşdığı icmalarda tərcümə xidməti yaratmasıdır. Bu da əhalinin ünsiyyətini və ehtiyaclarını hakimiyyət orqanlarına çatdırmasını asanlaşdıracaq.

“Biz kəndlərə gedəndə çox adam deyir ki, su, uşaq bağçası problemlərinə görə dil bilmədikləri üçün müraciət etmirlər. Bəzi bələdiyyələrdə, inzibati vahidlikdə vətəndaşa bu halda kömək etmək təşəbbüsü belə yoxdur. Bu gün biz gələnə qədər Ədliyyə Nazirliyinin qaynar xəttinə zəng vurduq və soruşduq ki, misal üçün, dil problemi olan Marneulililərə kömək göstərəcək əməkdaşları var ya yox. Bizə dedilər ki, Gürcüstanda yaşayırıq və belə bir şey yolverilməz olardı. Bizim tələbimizin də, kampaniyanın da məqsədlərindən biri budur ki, dövlət xidmətləri dil bilməyən vətəndaşlar üçün əlçatan olsun. Fəaliyyətin dövlət dilində olmasına isə heç bir sözümüz yoxdur”.

“Salam” platformasının daha bir üzvü Benyamin Qasımoğlu “Marneuli” radiosu ilə söhbəti zamanı bildirir ki, təşkilat bu kimi aksiya-performansları Kvemo Kartlinin müxtəlif bələdiyyələrində keçirəcək. O, bildirir ki, vətəndaşlar əksər hallarda dil bariyerinə görə, dövlət qurumlarına müraciət edə bilmirlər. O, hesab edir ki, hakimiyyət vətəndaşlara ünsiyyət qurmaq üçün şərait yaratmalıdır.

“Bildiyiniz kimi, meriyada nə də heç bir dövlət qurumunda tərcümə xidməti yoxdur. Fəaliyyət aydındır ki, dövlət dilində olmalıdır. Ancaq tərcüməçiyə ehtiyac var. Vətəndaşlar dövlət dilini bilmirlər və çoxsaylı xidmətdən yararlanmırlar. Ona görə bu bizim bir növ mesajımızdır ki, buna ehtiyac var. Biz Bolnisi, Dmanisidə işləyirik ki, meriyalarda, bələdiyyə orqanlarında tərcüməçi xidməti olsun”.

“Salam” aksiya-performansı Ədliyyə Evindən sonra meriya ərazisində davam etdirib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google