Qızılı oğurlanmış şəxs DİN-nə məsələnin araşdırılması üçün möhlət qoyur (VİDEO)
Daştəpə kəndində yaşayış evindən külli miqdarda qızıl-zinət
əşyaları oğurlanıb. Hadisə həmin kənddə yaşayan və Daştəpə
məscidinin axundu Seyid Eldəniz Sadıqovun yaşayış evində baş verib.
Oğurluq hadisəsi nə zaman baş verdiyi haqda Sadıqovlar ailəsinin
xəbəri yoxdur.
Onlar 25 oktyabr tarixində xəbər tutublar ki, evləri qarət olunub
və 433 qram qızıl-zinət əşyaları oğurlanıb. Oğurluq hadisəsi ilə
bağlı onlar Daxili İşlər Nazirliyinə müraciət ediblər.
Sadıqov deyir ki, o qohumlarından və qonşularından şübhələnir və bu
haqda DİN-nin əməkdaşlarına da bildirib.
Onun sözlərinə görə, 25 oktyabrdan bu günə qədər Daxili İşlər
Nazirliyindən hadisə ilə bağlı onlara rəsmi olaraq heç bir məlumat
verməyiblər və sadəcə onu bildiriblər ki, istintaqın sonuna
yaxınlaşıblar.
Sadıqov onu da əlavə etdi ki, əgər Daxili İşlər Nazirliyi 14
noyabra qədər qarət hadisəsinin üstünü açmasa, o, Gürcüstan Baş
Prokurorluğuna, QHT-lərə və Hüquq müdafiəçilərinə müraciət
edəcək.
Daxili İşlər Nazirliyindən "Marneuli" Radiosuna verilən məlumata
görə, oğurluq faktı ilə bağlı CM-nin 177-ci maddəsi ilə istintaq
başlayıb.