Marneulinin ən böyük kəndlərindən biri olan
Qaçağan kəndində Ədliyyə Nazirliyinin təşəbbüsü ilə “İctimai
Mərkəz”-in tikinti işləri davam edir.
“İctimai Mərkəzin” tikilməsini
müsbət qarşılayan Qaçağan kənd sakinləri bildirirlər ki, onlar
banklara hər hansı bir ödəniş etmək və ya sənədlərinin hazırlanması
üçün Marneuli rayonuna getməli olurlar.
Sakinlər deyirlər ki, mərkəzin olması tək Qaçağan
kəndi üçün deyil, eyni zamanda qonşu kəndlər üçün də əlverişli
olacaq. Belə ki, sakinlər hər dəfə yola pul verib saatlarla
evlərindən çıxmalı olurlar. Mərkəz olduğunda isə sakinlər işlərini
daha tez həll etmək imkanı qazanacaqlar.
“Mərkəzin olması yaxşı
haldır, gənclər də işləmək üçün rayona ya şəhərə getmək
məcburiyyətində olmazlar, yola pul xərcləməzlər. Təbii ki, biz bu
addımı çox müsbət dəyərləndiririk”, – Qaçağan kənd sakinləri deyirlər.
Qeyd edək ki, Ədliyyə Nazirliyinin Marneuli
meriyasına müraciəti ilə Qaçağan kəndində meriya tərəfindən 2700
kv.m. torpaq sahəsi ayrılıb və tikintinin aparılması üçün Ədliyyə
Nazirliyinə verilib.
“İctimai mərkəz” vasitəsilə əhali kənddən
çıxmadan 200-dən artıq ictimai və özəl sektorun xidmətlərindən
istifadə edə biləcək.
“İctimai Mərkəz”in istifadəçiləri Dövlət
Xidmətlərinin İnkişafı Agentliyinin, Gürcüstan Milli Arxivinin,
İctimai Reyestrin Milli Agentliyinin, Sosial Xidmət Agentliyinin və
“Mexanizator” MMC-nin xidmətlərindən faydalana biləcəklər.
Xatırladaq ki, hazırda Gürcüstan miqyasında 60
“İctimai mərkəz” fəaliyyət göstərir.