Xəbərlər
Faxralıda 25 ədəd zibil konteynerinin olmasına baxmayaraq, kənddə yenə də qeyri-qanuni zibillik qalmaqdadır (FOTO)
Bolnisi rayonunun Faxralı (Talaveri) kəndinin sakinlərini illərdir yığılıb qalmış qeyri-qanuni zibillik və zibil konteynerlərinin yetərsiz olması narahat edir.

Sakinlər "Marneuli" radiosu ilə söhbətləri zamanı bildirdilər ki, zibillik kənddə təxminən 90-cı illərdən bu günə qədər mövcuddur. Onların sözlərinə görə, ümumiyyətlə zibil konteynerinin olmadığı küçələrdə yaşayan sakinlər zibillərini yay fəslində quruyan Talaveri çayının ərazisinə atırlar. Sakinlər deyirlər ki, Talaveri çayı yaz aylarında havalar yağışlı olduğu zamanlar su ilə dolur və həmin vaxt zibillərin bir qismini su apararaq azaldır. Lakin ilin qalan fəsillərində yığılıb qalan zibillər ərazidə xoşagəlməz qoxunun yaranmasına səbəb olur.

Faxralı kənd sakini Fəqan Hüseynov kənddə zibil konteynerlərinin az olmasından şikayətlənir. O, məsələ ilə bağlı dəfələrlə aidiyyəti orqanlara ərizə yazdıqlarını, lakin problemin illərdir həllini tapmadığını deyir.

"Hər kəs gətirib zibilini bura atır, zibil yeşikləri yoxdur. Yağış yağanda buradan o tərəfə keçməklə də olmur. Təmiz xəstəlikdir. Bununla bağlı neçə dəfə müraciət də olunub, amma baxmırlar. Deyirlər ki, yaxşı olacaq. Mart ayından bu günə qədər hər dəfə deyirlər ki, düzələcək. Bir-iki il əvvəl də şikayət ərizəsi yazılıb, yenə də baxmırlar. Zibil tökənləri cərimələyək deyirlər, amma belə olmaz. Əslində bura təmizlənməli, yol salınmalı və zibil qutuları qoyulmalıdır. Zibil qabı yoxdursa, zibillərini hara atsınlar? Kəndin bir-iki yerində var zibil qutusu, amma çox azdır. Aidiyyəti orqanlara müraciət etmişik, amma hər dəfə deyirlər problem araşdırılır, məsələ həll olacaq, lakin heç bir problem həll olunmur", – Fəqan Hüseynov dedi.

Evinin zibilliyə yaxın ərazidə yerləşdiyini deyən kənd sakini Seyfəddin Əhmədalıyev yaranan qoxunun onu və ailə üzvlərini narahat etdiyini bildirdi. O, deyir ki, ətrafa səpələnən zibillərə və yaranan üfunətli qoxuya görə yay fəslində evinin həyətində otura bilmir.

"İt, pişik, qoyun leşi atırlar. Yel əsəndə, gün çıxanda nəfəs almaq mümkün olmur. Departamentə də zəng vurmuşam, merə də, deputata da demişəm. Hə, yığışdıracağıq-yığışdıracağıq deyirlər. Evim 20 metr deyil aralıdır zibillikdən. Deyəndə ki, tökmə dalaşırlar ki, zibilliyin sahibisənmi. Sahibi deyiləm, xəstəlik var. Korona budur. İndi paketlər var, pamperslər var, yel əsəndə ingilis bayrağı kimi göydə gəzir. Salatmı yeyək, yeməkmi yeyək bəlli deyil. Seçki olanda başlayırlar ki, hökumətə səs ver, hökumət mənə nə edir?", – Seyfəddin Əhmədalıyev deyir.

Kəndin daha bir sakini Nazilə Şərifova da zibillərin ətrafa atılmasından narahat olduğunu dedi. Onun sözlərinə görə, külək əsən zaman ətrafdakı zibillər onlar üçün problem yaradır. Nazilə həmkəndlilərinə zibili atmamalarını desə də, buna heç kimin məhəl qoymadığını bildirdi.

"Burada yemək yeyə bilmirik. Gətirirlər zibili bura tökürlər. Bütün stolumuzun üstünə dolur, iy verir. 10 metr aralı yaşayırıq, pampers, zibillər – hamısını bura tökürlər. Külək əsəndə bütün zibillər evə dolur. Deyirik atmayın, deməyin nə mənası var ki?", – Nazilə Şərifova dedi.

Talaveri və Savaneti kəndlərinin İcra nümayəndəsi Novruz Ayvazov “Marneuli” radiosu ilə söhbəti zamanı zibilliyin kənddəki ən böyük problem olduğunu dedi. Ayvazov Bolnisi bələdiyyəsinin merinin məsələdən xəbərdar olduğunu və zibil probleminin aradan qaldırılması üçün yeni layihə üzərində işlənildiyini bildirdi.

"3 ildir, Novuz bayramından qabaq hər il kəndin müəyyən hissələrinə qədər dərənin zibilini qismən də olsa, təmizləyirik. Bu zibil 90-cı ildən də qabaq qalan problemdir. 4 İldir ki, mən işləyirəm. 4 ildə 4 dəfə ekskavatorla zibilin müəyyən qismini daşıtdırmışıq, müəyyən qismi qalıb. Bizim kəndin ən böyük problemi zibil problemidir. Yaxın zamanlarda merimiz gəlib, baxıb, Tbilisidə böyük bir layihə hazırlanır. Bizim kəndin aşağı hissəsindən yuxarı hissəsinə 6 km uzunluğunda dərə deyilən, çay gələn yerin, qırağı zibillikdir və smetasını hazırlayıb yaxın zamanlarda yəqin ki, təmizləyəcəklər. Bizim kənddə zibil qutusu elə də az deyil. 50 metrdən bir mərkəzi yolla, 6 km yol hərlənib gəlir, düz axırıncı nöqtəyə kimi 25 ədəd zibil qutusu qoyulub. İndi əlavələri də yazıb vermişik, hansı küçəyə lazımdır, gətirib əlavə edəcəklər", – Talaveri və Savaneti kəndinin İcra nümayəndəsi Novruz Ayvazov dedi.

Ayvazov kənddə 25 ədəd zibil konteynerinin olduğunu və konteynerin olmadığı küçələrə yenilərinin qoyulması üçün yazılı şəkildə müraciət etdiyini bildirdi.




Müəlliflər: Amil Məmmədov
Pərvin Hacıyeva

Warning: Invalid argument supplied for foreach() in /home/marneulifm/public_html/templates/default/html/com_content/article/default.php on line 166
FaceBook Twitter Google
COVID-19-სთან ბრძოლაში რიჩარდ ლუგარის ცენტრის მნიშვნელობის ზრდასთან ერთად, კრემლისტური მედია, რომელიც წლებია ლაბორატორიასთან დაკავშირებით სხვადასხვა კონსპირაციას ავითარებს
სრულად
04:00 / 05.08.2020
დაიცავი დისტანცია