Marneulidə fiziki imkanları məhdud olan böyüklərin gün mərkəzinə qəbulu başlayıb
Fiziki imkanları məhdud olan böyük şəxslərin Marneuli gün mərkəzinə qəbulu başlayıb. Bu bələdiyyə miqyasında 18 yaşdan yuxarı olan fiziki imkanları məhdud olan şəxslərin yerində xüsusi xidmətlərdən faydalana biləcəyi ilk müəssisədir.

Mərkəz “Uşaq, ailə, cəmiyyət” təşkilatı tərəfindən, Qızılhacılının 1 saylı ictimai məktəbində fəaliyyət göstərir və indiyə qədər 0-dan 7 yaşa, 7 yaşdan 18 yaşa qədər olan şəxslərə xidmət göstərirdilər. Gün mərkəzinin proqram üzrə meneceri Fidan Əsgərova “Marneuli” radiosuna bildirdi ki, 18 yaşdan yuxarı olan iki benefisiar artıq gün mərkəzi üçün vauçer götürüb.

“Yüz forma, fiziki imkanları məhdud olan şəxsin statusunu təsdiq edən arayış, şəxiyyət vəsiqəsinin surəti və əgər 18 yaşdan aşağıdırsa, doğum şəhadətnaməsinin surəti mütləq vacibdir. Bunların hamısını Sosial Xidmət Agentliyinə aparmalıdırlar ki, orada qeydiyyatdan keçsinlər. Daha sonra artıq vauçer gəlir və həmin vauçer əsasında proqrama qoşulurlar. 18 yaşdan aşağı olan adamlarla akademik bacarıqlar üzərində də işləyirik. Çünki məktəbə qoşulublar, bu baxımdan benefisiarları gücləndiririk. Amma 18 yaşdan yuxarı daha fəaliyyət bacarıqlarına diqqət yetiririk ki, bu adamları daha çox sosial mühitə qoşaq, daha ços müstəqil olsunlar. Burada psixoloq, xüsusi müəllim, loqoped, nitq terapevtinin xidməti olacaq. Eləcə də müxtəlif terapiyalar var – məsələn, art və mus terapiya. Bunlar hamısı bu xidmət fəaliyyət başlayanda olacaq”.

“Ailə, Uşaq, Cəmiyyət” faktiki olaraq, 8 il əvvəl Marneulidə fiziki imkanları məhdud şəxslərlə işləməyə başlayan ilk təşkilatdır. Gün mərkəzində hazırda 7-dən 18 yaşa qədər 19 benefiiar var.

“2015-ci ildən təşkilat işləməyə başlayıb. 2013-cü ildən ehtiyacları araşdırmaq üçün müəyyən araşdırmalar aparırdılar. 2015-ci ildən USAİD-in proqramı çərçivəsində sensor pozuntuları olan uşaqlarla işləməyə başlanıldı. Sonradan erkən inkişaf proqramı əlavə olundu. Bu 0-dan 7 yaşa qədər fiziki imkanları məhdud oaln, eləcə də risk altında olan uşaqlardır. Həmin uşaqlara əsas xidmət evdə göstərilir. Erkən inkişaf mütəxəssislərinin əsas məqədi ailəni, valideyni gücləndirmək, onları uşaqlarının imkanlarında, ehtiyacından irəli gələrək fəallaşdırmaq və ya məlumatlarını artırmaqdır. 2020-ci ildən isə artıq gün mərkəzi proqraımımız var. Buraya 7-dən 18 yaşa qədər benefisiarlar qoşulub”.

Fidan Əsgərovanın sözlərinə görə, məlumat baxımından da problemlər var. Ancaq onlar çalışırlar ki, müxtəlif qurumlarda, eləcə də tibb sahəsi nümayəndələri ilə görüşlər keçirsinlər.

“Xidmətlər və proqramlar ümumiyyətlə olmayanda, məlumat yaymaq çox çətin idi. Meriyada, ayrıca valideynlərlə və kənd həkimləri ilə görüşlərimiz olurdu. İndi artıq valideynlərin də məlumatı var və onlar da başqa valideynlərlə məlumat paylaşırlar”.

3 dekabr tarixində, dünyada beynəlxalq fiziki imkanları məhdud şəxslər günü qeyd olunur. Bu günü məqsədi ictimaiyyətin inkişafının bütün sahələrində fiziki imkanları məhdud şəxslərin hüquqlarının qorunmasına həvəsləndirmək, eləcə də məlumatlandırma səviyyəsinin artırılmasıdır.

Beynəlxalq fiziki imkanları məhdud şəxslər günü 1992-ci ildən, hər il 3 dekabr tarixində qeyd olunur.

Print ელ. ფოსტა
FaceBook Twitter Google