Marneuli Bələdiyyə Məclisi yeni il tədbirlərinin keçirilməsi üçün
140 000 lari ayrılmasını dəstəkləyib.
Marneuli Bələdiyyə Məclisinin bu gün, 5 dekabr tarixində keçirilən
iclasında 2022-ci ilin büdcəsində edilmiş dəyişiklikləri müzakirə
ediblər. Dəyişikliklərdən biri mədəni tədbirlər üçün büdcənin
artırılması ilə bağlı idi.
Marneuli meriyasının Maliyyə-Büdcə Xidmətinin rəhbəri
səlahiyyətlərini icra edən Maia Naveriani iclasda bildirib ki,
Marneulidə yeni il tədbirlərinin keçirilməsi 30 dekabr tarixində
planlaşdırılıb.
“Mədəni sahə tədbirlərinin maliyyələşdirilməsi üçün
ayrılan məbləğ artırılıb və 140 000 lari olub. Burada 30 dekabrda
keçiriləcək yeni il tədbirləri nəzərdə tutulur. Yeni il tədbirləri
çərçivəsində uşaq-əyləncə məkanları, yeni il yarmarkası,
sərgi-satışlar qurulacaq, yeni il evləri yerləşdiriləcək. Müxtəlif
yerlərdə foto çəkdirmək üçün sahələr, yeni il dekorasiyaları
olacaq. Bələdiyyədə yaşayan uşaqlara Şaxta Baba hədiyyələr,
şirniyyat verəcək. Axşam saatlarında konsert baş tutacaq. Yeni il
tədbirləri atəşfəşanlıqla başa çatacaq”, – Maia
Naveriani bildirib.
Qeyd edək ki, Marneuli meriyası 2023-cü ilin gəlişi ilə əlaqədar
artıq bir neçə tender elan edib. Elan edilmiş üç tenderə görə,
yerli özünüidarə yeni il üçün 360 650 lari ayırıb. 199 900 lariyə
şəhərin işıqlarla bəzədilməsi, 65 600 lariyə süni şam ağacının
alınması, 85 150 lariyə isə tədbirlərin keçirilməsini
planlaşdırırlar. 2023-cü ilin gəlişi ilə əlaqədar yeni il şam
ağacının işıqlandırılması tədbirinin təşkil edilməsi üçün bələdiyyə
22 noyabrda tender elan edib.