Marneuli bələdiyyəsi 829 ədəd yeni zibil konteyneri alıb.
Zibil konteynerləri indiki mərhələdə Tsereteli, Saimerlo və
Norqiuli kəndlərinə yerləşdirilib. “Təmiz Marneuli” MMC-nin
direktoru Leri Mumladze “Marneuli” radiosu ilə söhbəti zamanı
bildirdi ki, zibil konteynerləri hələlik yalnız Tsereteli inzibati
ərazi vahidliyinə yerləşdirilib.
“Ümumilikdə 66 zibil konteyner aparmışıq. Yenə yerləşdiriləcək,
zibil konteynerləri harada xarab olubsa, dəyişdiriləcək və əlavə
olunacaq. Hələ planlaşdırırıq, hava da imkan vermir. Yəqin
Tamarisi, Hallavar və Dioqnisiyə də yerləşdirəcəyik. Dəqiq
bilmirik, planlaşdırmalıyıq”, – Leri Mumladze
bildirdi.
“Təmiz Marneuli” MMC bələdiyyənin 55%-nə xidmət göstərir.
Yerli özünüidarə 829 zibil konteyneri almaq üçün beş ay əvvəl
tender elan etmişdi. 1100 litrlik plastik zibil konteynerlərinin
alınması üçün büdcədən yarım milyon lari ayrılıb.
Tenderdə iki şirkət iştirak edib. “Orientir” MMC tenderdə qalib
olub və bələdiyyəyə zibil konteynerlərini 493 255 lariyə almağı
təklif edib.