Qəza nəticəsində dünyasını dəyişmiş qızın ölümündən 50 gün ötür – küçədə hələ də tramplin quraşdırılmayıb
Marneuli şəhəri Kostava küçəsində yol-nəqliyyat hadisəsi nəticəsində gənc qızın dünyasını dəyişməsindən 50 gün ötüb. Kostava küçəsində yeniyetmə qızın dünyasını dəyişdiyi hissədə hələ də tramplin quraşdırılmayıb.

17 yaşlı qızın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi 23 noyabr tarixində baş vermişdi. “Marneuli” radiosu olaraq 25 noyabrda Marneuli yerli özünüidarəsindən həmin ərazidə öz təşəbbüsləri ilə tramplin quraşdırmağı və ya hansısa formada yolun həmin hissəsində təhlükəsizliyi təmin etməyi planlaşdırıb-planlaşdırmadıqlarını soruşduq.

Meriyanın Mətbuat Xidmətindən bizə bildirdilər ki, Merab Kostava küçəsi Avtomobil Yolları Departamentinə məxsusdur. Sakinlər tramplinin yerləşdirilməsi üçün yerli meriyaya müraciət etməlidirlər, bundan sonra, bələdiyyə onlarla Yol Departamenti arasında vasitəçilik edə bilər.

Bu gün, 12 yanvar tarixində Avtomobil Yolları Departamentindən “Marneuli” radiosuna bildirdilər ki, departamentdə Marneuli meriyasının adından göndərilmiş məktub mövcud deyil. Ancaq onların bildirdiyinə görə, ola bilsin meriya departamentə ərizə ilə müraciət edib, amma sistemdə axtarış etmək üçün meriyanın məktubunun nömrəsi lazımdır.




Marneuli meriyasından “Marneuli” radiosuna bildirdilər ki, vətəndaşlar Kostava küçəsində tramplinin quraşdırılması tələbi ilə onlara müraciət etməyiblər. Meriyanın İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirdilər ki, yerli özünüidarənin öz təşəbbüsü ilə Avtomobil Yolları Departamentinə yol nişanları, sürəti tənzimləyən chizaların quraşdırılması üçün müraciət etmək təcrübəsi yoxdur. Meriyadan bildirirlər ki, əgər yerli sakinlər Kostava küçəsində tramplinin quraşdırılmasını istəyirlərsə, meriyaya məktubla müraciət etməlidirlər.

Vətəndaşların Marneuli meriyasına ərizə ilə müraciət edib-etməməsinə baxmayaraq, fakt göz qabağındadır – Kostava küçəsində, 17 yaşlı qızın ölümündən 50 gün ötməsindən sonra da tramplin quraşdırılmayıb.

Həmin yol beynəlxalq əhəmiyyətlidir və buradan gün ərzində yüzlərlə yük, minik maşını hərəkət edir. Yerli sakinlər bildirirlər ki, maşınlar yüksək sürətlə hərəkət edirlər və tez-tez qəzalar baş verir. Yola quraşdırılmış yeganə tramplin isə tez zamanda sıradan çıxıb. Yolun qəza baş vermiş hissəsində kollec, məktəb və yaşayış evləri yerləşir.



Print ელ. ფოსტა
FaceBook Twitter Google