Marneuli meriyası fiziki imkanları məhdud şəxslər üçün səsli
termometrlə alıb.
Bolnisi, Marneuli və Dmanisinin birləşmiş filialının sədri Surik
Çiçiyan “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki,
Marneulinin büdcəsindən ayrılmış 1000 lari ilə 25 ədəd səsli
termometr alıblar və ciddi şəkildə görmə qüsuru olan şəxslərə
veriblər. Hərarət ölçən 15 ədəd cihaz Marneulidə, 10 ədəd isə
Bolnisidə paylanılıb.
“Bu termometrlər tam görmə qüsurlu olan şəxslərə paylanılıb. Mən
şəxsən görmə qüsurluyam və bu cihaz mənim üçün çox mühümdür. Ola
bilsin evdə görə bilən adam var, mənə kömək edə bilər, amma heç kim
olmaya da bilər, ona görə bu proses mənim üçün asanlaşacaq.
Müstəqil şəkildə hərarətimi ölçə biləcəyəm. Fiziki imkanları məhdud
şəxslərə hər şeyin əlçatan olmasını istəyirik ki, onlar xəstəlik
zamanı da müstəqil olsunlar. Termometrlər üçün Marneuli meriyası
pul ayırmışdı və Marneulidə, eləcə də Bolnisidə payladı. Ola bilsin
növbəti dəfə Bolnisi meriyası pul ayırsın və təzyiq ölçən aparatlar
alaq. Bu şəkildə, Marneuli və Bolnisidə də paylayacağıq. Dmanisilər
də bizim ittifaqın üzvüdürlər və bu üç rayon birlikdə hər şey
edirik ki, görmə qüsurluların yaşam tərzini
asanlaşdıraq”- Surik Çiçiyan bildirir.
Surik Çiçiyanın sözlərinə görə, onların səsli təzyiq ölçən
aparatlar, əl ağacı və qlukometrlərin alınmasına da ehtiyacları
var. Bu təşəbbüslə özünüidarələrə müraciət edəcəklər.
Qeyd edək ki, səsli termometrlərin alınması barədə Marneuli
meriyası ilə hələ ötən ildən söhbət aparılırdı.