Marneuli bələdiyyəsində aztəminatlı ailələr üçün torpaq sahəsinin
şumlanması proqramı bu il də həyata keçiriləcək.
Bu qərar Marneuli Bələdiyyə Məclisinin 30 yanvar tarixində baş
tutan iclasında qəbul edilib. Məsələni meriyanın Əmlak İdarəsi və
Maddi-Texniki Təminat Xidmətinin rəhbəri Aqil Əmircanov müzakirəyə
çıxarıb. O, qeyd edib ki, proqrama reytinq balı 100 000-ə qədər
olanlar qoşula bilər. İstəyi olanlar
öz inzibati vahidliklərində
merin nümayəndələrinə müraciət edə bilərlər.
“Xatırladaq ki, kənd təsərrüfatına dəstək proqramı çərçivəsində hər
il “Təmiz Marneuli” tərəfindən bələdiyyədə qeydiyyatdan keçirilmiş
aztəminatlı əhali, 100 000-a qədər reytinq balı olanlar üçün
təxminən yarım hektara yaxın torpaq sahəsinin şumlanması həyata
keçirilir. Bu proqram çərçivəsində hər il təxminən 90 ailəyə
köməklik edirik və ümumilikdə 35 hektar torpaq sahəsini şumlayırıq.
Bu il də həmin proqramı həyata keçirmək üçün sizin razılığınızı
istəyirik” – Aqil Əmircanov bildirib.
“Təmiz Marneuli” 5 ədəd xüsusi texnika ilə torpağın şumlanmasını
həyata keçirir. Bələdiyyə şirkətinin rəhbəri bizimlə söhbəti zamanı
bildirdi ki, işlər meriya istəyi olan ailələrin vahid bazasını
təqdim edəndən sonra başlayacaq. Mumladzenin sözlərinə görə,
şumlama işləri güman ki, fevralın orta tarixlərində fəal olaraq
həyata keçiriləcək.