Bu gün, 1 fevral tarixində Ümumdünya Kitab Oxuma Günü qeyd olunur.
Ümumdünya Kitab Oxuma Günü Marneuli İctimai Kitabxanasında da qeyd
olunacaq. Marneuli İctimai Kitabxanasının rəhbəri Lana Xexelaşvili
“Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Marneuli
Kitabxanası yaradıldığı gündən Ümumdünya Kitab Oxuma Gününü qeyd
edir və hər il müxtəlif tədbirlə həyata keçirir.
“Bu gün də kiçik tədbirlər planlaşdırırıq və müxtəlif məktəblərdən
qonaqlar gözləyirik. Bundan əlavə bizim feysbuk səhifəmizdə bu
günlə əlaqədar kiçik video yerləşdirilib və ümumiyyətlə,
kitabxananın yaradılması, onun əhəmiyyət haqqında olan videodur.
Yəqin hamı razılaşar ki, kitabxananın olması bizim rayon üçün çox
mühümdür.Bu hamının ədəbiyyatdan yararlanması üçün imkandır. Bizim
xidmətlər pulsuzdur və müxtəlif yaşda olan oxuculara maraqlı, bədii
eləcə də peşəkar ədəbiyyat təklif edirik”- Lana
Xexelaşvili bildirdi.
Marneuli İctimai Kitabxanasının rəhbərinin sözlərinə görə,
kitabxana oxucularının əksəriyyəti gənclər və məktəb yaşlı
uşaqlardırlar. Ancaq onların xidmətlərindən böyüklər də yararlanır
və Marneuli Kitabxanasına hər gün gedən oxucular da var.
Kitabxananın rəsmi statistikasına görə, 2022-ci il ərzində oxumaq
üçün 3766 kitab aparılıb. Onlardan 1751 gürcü, 2015 isə digər
dillərdə olan kitablardır. Ötən il ərzində Marneuli Kitabxanasında
299 yeni oxucu qeydiyyatdan keçib, onlardan 64 etnik gürcü, 235 isə
etnik azlıq nümayəndəsidir. Statistikaya görə, kitabxana zalında
2022-ci ildə 18 tədbir həyata keçirilib.