“Əgər qız evdən qaçmasaydı, heç kim bilməyəcəkdi, o, da tabe olacaqdı” – niyə nişanlanmanın qanunla tənzimlənməsi mühümdür?
Mülki fəal Tozu Gülməmmədova Marneulidə 15 yaşlı qızın məcburi nişanlandırılması faktına münasibət bildirib.

O, qeyd edib ki, məcburi nişanlandırılma hüquqi baxımdan daha ciddi şəkildə tənzimlənməlidir. Tozu düşünür ki, nişanlandırılma hüquqi baxımdan tənzimlənərsə, valideynlər və ictimaiyyət bu baxımdan yanaşmasını dəyişəcək, cinayətin nəticələrini başa düşəcəklər.

“Bugünkü yanaşmaya baxsaq, əgər bu fakt olmasa idi, əgər bu qız evdən
qaçmasaydı, bu barədə heç kim bilməyəckdi, qız da tabe olacaqdı. Ümumiyyətlə belə olur. Qızın istəyinə qarşı çıxaraq, lap öz istəyi ilə də olsa, 16 yaşdan aşağı belə hallar çox baş verir. Bu istək sayılmır, çünki o, uşaqdır. Qızın istəməməsinə baxmayaraq, zorla nişanlandırıldığı və heç nə edə bilmədiyi çox hadisə bilirəm. Bu halda qanunla heç nə edə bilmir, ona görə ki, qızdan asılıdırlar. Qız məcburi nişanlandırıldığını deyərsə, bu halda istintaq aparılır. Əks halda qanunla nişanlanma üçün heç nə nəzərdə tutulmayıb. Müvafiq olaraq, uşağın nişanlandıırlmasının qanunla məhdudlaşdırılması, qadağan edilməsi çox mühümdür. Bizdə belə qanun yoxdur, ona görə də bütün bunlar baş verir. Biz əvvəlcə elə bilirdik, uşaq bizimdir, nə istəsək, edə bilərik (hansı yaşda istəsəm, o yaşda evləndircəyəm). 16 yaşa qədər valideynin də övladını evləndirmək hüququnun olmaması ilə bağlı qanun qəbul edəndə ümumi yanaşma dəyişdi. İndi heç kim deyə bilməz ki, istəsəm, uşağımı 13 yaşında evləndirərəm. Daha çox övladlarını erkən yaşda evləndirmək hüquqlarının olmadığını dərk ediblər”.

Mülki fəalın müşahidəsinə görə, nişanlanma halları əksər hallarda yayılmır, ancaq illər ərzində bu problem haqda açıq danışıqlar və müəyyən qanunvericilik dəyişiklikləri yetkinlik yaşına çatmamış qızların cəsarətli addımlar atması imkanını yaradır. O, düşünür ki, dövlət onları daha çox dəstəkləməlidir.

“Nişanlanma halları həmişə var idi, olacaq da. Amma əsas mövzu budur ki, biz buraya qədər gedib çıxırıq, bizim qızlarımız məcburi nişanlandırılmaya qarşı çıxmırlar. Biz son vaxtlar onlara başa salmağa başlamışıq ki, bu yolverilməzdir. Kimsə demir, uşaq özü bunun düzgün olmadığını başa düşür. Başa düşür ki, valideynin belə hüququ olmamalıdır. Birtəhər yaxşıya doğru gedirik, amma düşünürəm, dövlət tərəfindən dəstəklənməlidirlər. Yalnız səs-küyə səbəb olan hallarda deyil, ümumiyyətlə, bütün hallarda uşağın nişanlandırılması qadağan olunmalıdır”.

Daxili İşlər Nazirliyi 3 fevral tarixində bir nəfəri saxlayıb. O, Marneulidə 15 yaşlı qızın məcburi nişanlandırılmasında ittiham olunur. Bu barədə DİN-dən “Marneuli” radiosuna məlumatı təsdiq ediblər və bildirilər ki, qız indi təhlükəsiz yerdədir. Baş vermiş faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı prima və 150-ci maddəsi ilə istintaq aparılır.

126-cı maddə zorakılığı, 150-ci maddə isə məcburetməni nəzərdə tutur.

“Marneuli” radiosunun məlumatına görə, saxlanılan şəxs yetkinlik yaşına çatmamış yeniyetmənin ailə üzvüdür.

Yerli mətbuat Aktual.ge-nin məlumatına görə, Marneulidə 15 yaşlı qız itib. Hadisə 2 fevral tarixində baş verib. Yeniyetməni zorla nişanlandırırmışlar və buna görə 15 yaşlı qız evdən qaçıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google