Meriyanın televiziya xidməti tenderində Marneuli Televiziyası rəqibsiz qalib gəlib
Marneuli meriyası tərəfindən televiziya xidmətinin alınması üçün elan edilmiş tenderdə yenidən “Marneuli TV” qalib gəlib.

Yerli özünüidarə 99 800 lari dəyərində televiziya xidmətinin alınması tenderini 16 yanvar tarixində elan edib.

Tenderdə yalnız bir şirkət, “Marneuli TV” iştirak edib və meriyaya bu xidməti 99 800 lariyə həyata keçirmək təklif edib. Tender təklifində Marneuli televiziyasının 2023-cü il ərzində hansı xidmətləri həyata keçirəcəyi yazılıb.

“Efirdə ictimaiyyət üçün mühüm məlumat daşıyan audio vizual çıxışların gürcü və azərbaycan dilində yayımlanması. (Bir ədədin müddəti ən az 30 saniyə) sifarişçinin tələbinə uyğun olaraq;

Birbaşa efirlə, mer və ya onun müavinlərinin, yaxud Bələdiyyə Məclisi sədrinin, onun müavinlərinin, qeyri-kommersiya hüquqi şəxslərin rəhbərləri, xidmət, şöbə rəhbərlərinin hesabatları, brifinqlər, (meriya və ya televiziyadan) onlayn və birbaşa fəaliyyətlər, yeni il, dini bayramlar, idman, mədəniyyət tədbirləri, teatr nümayişləri, konsertlər və ictimaiyyət üçün mühüm olan digər yayımlar (sifariş verənin tələbinə uyğun olaraq) həyata keçiriləcək.

Bələdiyyə Məclisi iclasları, tədbirlər, büro iclasları (razılaşma ilə), hesabatların və ya mer, onun müavinlərinin iclasları, hesabatların televiziya efirində gürcü və azərbaycan dilində yerləşdirilməsi”
– tender təklifində qeyd olunub.

Yerli özünüidarə televiziya xidmətinin alınması üçün tender komissiyasınının iclas protokoluna əsasən, Marneuli televiziyasını 8 fevralda qalib elan edib. Tender komissiyasının iclas protokoluna görə, indiki mərhələdə televiziya ilə müqavilənin hazırlanması prosesi aparılır.

Marneuli meriyası ötən, 2022-ci ildə, oxşar tenderi 145 000 lariyə elan etmişdi. 2021-ci ildə isə televiziya xidmətinin tender dəyəri 95 800 lari idi. Ötən il Marneuli meriyasının İnzibati Xidmət rəhbəri Nino Dekanoidze “Marneuli” radiosuna bildirmişdi ki, 2022-ci il ərzində televiziya xidməti tenderi üçün vəsaitin artırılmasına efir vaxtının artması səbəb olub. O, bildirmişdi ki, 2021-ci il ərzində meriyanın müqavilə ilə aldığı canlı yayım və efir vaxtları kifayət edirdi. Əhalinin tam məlumatlandırılması üçün isə efir vaxtı lazım idi. Bu isə tender dəyərinin artırılmasına səbəb olub.

Qeyd edək ki, Marneuli meriyası televiziya xidməti üçün 2018-2020-ci illərdə mərhələli olaraq vəsaiti artırırdı. 2018-ci ildə həmin məqsədlər üçün 72 000 lari, 2019-cu ildə 86 000 lari, 2020-ci ilə 125 640 lari dəyərində tender elan etmişdi.

Son illər ərzində Marneuli meriyası tərəfindən elan edilmiş televiziya xidməti tenderlərində “Marneuli TV” rəqibsiz olaraq qalib gəlirdi.

Print ელ. ფოსტა
FaceBook Twitter Google