Marneuli mərkəzi stadionunun 8 il əvvəl başlanılmış tikintisi bu il başa çatacaq
Marneuli mərkəzi stadionunun 8 il əvvəl başlanılmış tikintisi bu il başa çatacaq

Marneuli bələdiyyəsinin mərkəzi stadionunun tikinti işləri 8 il əvvəl başlayıb. Marneuli meriyası şəhərin mərkəzi stadionunun tikinti işlərinin vacib smeta sənədlərini hələ 2016-cı ildə almışdı.

Marneulidə UEFA II kateqoriyasına uyğun, 2000 tamaşaçı üçün nəzərdə tutulmuş futbol meydançasının tikintisi hələ də davam edir. Marneuli meriyası və Bələdiyyə Məclisi nümayəndələri, Kvemo Kartli quberantoru, Gürcüstan Futbol Federasiyasının nümayəndələri tikinti işlərini nəzərdən keçiriblər.

“Tikinti prosesini Marneuli meri Kənan Ömərov, Kvemo Kartli qubernatoru Qiorqi Doxturişvili, Parlamentin Marneuli və Qardabani seçki dairəsindən seçilmiş majoritar deputatı Zaur Darğallı, Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze və Gürcüstan Bələdiyyələrin İnkişafı Fondunun icraçı direktorunun birinci müavini Qiorqi Tsibadze nəzərdən keçirib.

Layihə çərçivəsində beynəlxalq standartlara uyğun futbol meydanı və 2000 tamaşaçı üçün nəzərdə tutulmuş tribuna inşa ediləcək. Stadion kompleksində geyim dəyişmək üçün yer qurulacaq, işıqlandırma quraşdırılacaq və səsləndirmə sistemi ilə təchiz ediləcək. Stadion fiziki imkanları məhdud şəxslər üçün adaptasiya edilmiş olacaq”,
– Marneuli meriyasının məlumatında qeyd olunub.

Marneuli mərkəzi stadionunun tikintisini Gürcüstan hökuməti maliyyələşdirir. Layihəni Regional İnkişaf və İnfrastruktur Nazirliyi həyata keçirir və dəyəri 8 100 000 laridir.

Qeyd etmək lazımdır ki, Marneuli bələdiyyəsi stadion üçün smeta sənədlərini hələ 2016-cı ildən tərtib etmişdi. Bunun üçün 150 000 lari xərclənib, amma qeyd olunan sənədlər yenilənməlidir. Çünki 2017-ci ildən Gürcüstan hökuməti tərəfindən tətbiq edilmiş “Bina-tikililərin təhlükəsizlik qaydalarının” yeni texniki reqlamenti qüvvəyə minib. 2019-cu ildə layihə-hesabat sənədlərində dəyişiklik edilib və bundan sonra işlər üçün ilk tender elan olunub. Həmin tender məhz dəyişdirilmiş/düzəldilmiş smeta sənədlərinə görə, baş tutmayıb.


Print ელ. ფოსტა
FaceBook Twitter Google