Marneulidə işləyən pedaqoq Temur Suğaşvili “Gürcü Arzusundan”
formal olaraq ayrılmış “Xalqın gücü” tərəfindən Parlamentə təqdim
olunmuş “xarici təsir agenti” haqqında qanun layihəsinə münasibət
bildirib.
O, qeyd edir ki, qanun qəbul olunacağı təqdirdə daha çox gənc,
tələbə və şagirddə nihilizm hissi yaranacaq, gənclərin ölkədən
getməsi prosesi daha da artacaq.
“Bütün həyatım boyunca, xüsusilə məktəbdə işləyəndən sonra
şagirdlərimlə daim Avropaya inteqrasiyadan, NATO-ya üzvlükdən, elə
indiki mərhələdə olan məsələlərdən danışıram. Həmişə razılaşırıq
ki, bizim xilas yolumuz məhz qərbə doğru gedən yoldur. Bu qanun
layihəsinin mane olub-olmamasını müzakirə etsək və bu barədə
danışsaq, bizim tərəfdaşlarımızın da dediyinə görə, bu maneçilik
törədən amil olacaq. Müvafiq olaraq, bunun mane olub-olmayacağını
müzakirə etməyə ehtiyac yoxdur. Çünki bilirik ki, əgər biz bu qanun
layihəsini qəbul etsək, Gürcüstanın Avropa strukturlarına
inteqrasiyasına mane olacaq və bu prosesdən geri
çəkiləcəyik”.
Marnuelidə işləyən müəllim Kvemo Kartlidə müxtəlif təşkilatların və
ya ölkələrin maddi dəstəyi ilə həyata keçirilmiş proqramlardan da
danışdı.
“
Mən 2021-ci ili xatırlayıram, pandemiya dövrünü,
Danimarkanın Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilmiş
“Mən fəal vətəndaşam” layihəsi çərçivəsində Kvemo Kartlidə bir çox
gənc, müəllim hazırladıq, fəal vətəndaşa lazım olan bacarıqları
öyrətdik, digər mövcud bacarıqları inkişaf etdirdik. Qərb ölkələri
və təşkilatları məktəblərə, bağçalara, müxtəlif infrastruktur
problemlərinin həlli, təmir, inşaat, içməli suyun çəkilməsi və s.
məsələlərə birbaşa yardım göstərirlər”.
Temur Suğaşvilinin sözlərinə görə, vətəndaşlar və xüsusilə
siyasətçilər Gürcüstana Qərbdən və Rusiyadan göstərilən yardımı
müqayisə etsinlər. Buna əsasən qərar qəbul etsinlər ki, “xarici
təsir agenti” layihəsini dəstəkləməlidirlər, ya yox.
“
Tarixə baxsaq, bizim şimal qonşularımızın yeganə
yardımı budur ki, ərazisini hasarlayır, tikanlı məftillər çəkir,
üstümüzə bombalar yağdırır. Qərb təşkilatları və ölkələri isə
ölkəmizin ayağa qalxmasına istiqamətlənmiş yardımlar göstərirlər.
Qərbə qarşı təbliğatı məhz burada məğlub etməliyik, Rusiyanın bizə
hansı “yardımı” göstərməsi və həqiqi dost yardımının nə olmasını
bir-biri ilə müqayisə etməliyik”, – Temur Suğaşvili
bildirir.
Qeyd edək ki, dünən, 2 mart tarixində Gürcüstan Parlamentinin
xarici əlaqələr və müdafiə komitəsinin birgə iclası qeyri-hökumət
təşkilatı, media nümayəndələrinin etirazı fonunda rus qanun
layihəsini müzakirə edəcəkdi. Komitənin birgə iclasında fiziki və
şifahi qarşıdurma baş verib. Bu zaman Parlament azlıqları
nümayəndəsi olan deputatları zaldan çıxarıblar. Media
nümayəndələrinə komitə iclasında iştirak etmək üçün icazə
verilməyib. Qeyri-hökumət təşkilatı nümayəndələri isə bir neçə
saatlıq mübarizə və polis kordonlarını aşdıqdan sonra iclasda
iştirak edə biliblər.
Bir neçə saatlıq müzakirə ilə yanaşı Parlament qarşısında aksiya
keçirilirdi. Qeyd edək ki, Gürcüstan Parlament nümayəndələri üç
jurnalisti Parlament binasından güclə çıxarıblar. Parlament
ərazisində iki jurnalist və 30-a yaxın vətəndaş saxlanılıb.
Jurnalistlər dünən azad edilib, vətəndaşlar isə hələ də azadlığa
buraxılmayıblar.
Avropa İttifaqı və ABŞ Diplomatik Struktur nümayəndələri qanun
layihəsini mənfi qiymətləndirirlər və bildirirlər ki, qanun
Gürcüstanın Avro-Atlantikaya inteqrasiyasına mane ola bilər.
“Yeni Düşüncə İnstitutu”, “Salam”, “Mülki İştirak və Aktivizm
Mərkəzi”, “Marneuli Demokrat Qadınlar Cəmiyyəti”, “Marneuli”
radiosu... – bu Gürcüstan Parlamentinə təqdim olunmuş qanun
layihəsinin təhlükə yaratdığı qeyri-hökumət və media
təşkilatlarının kiçik siyahısıdır.
Qanun layihəsinə əsasən, gəlirinin 20%-dən çoxu xarici
təşkilatlardan maliyyələşdirilən bütün media və qeyri-hökumət
təşkilatları “Xarici təsir agenti” hesab olunacaq. Rusiya analoji
qanunu 2012-ci ildə qəbul edib və bu faktiki olaraq azad media və
mülki sektoru məhv edib. Gürcüstanda fəaliyyət göstərən müstəqil
media və QHT nümayəndələri bildirirlər ki, yeni qanun layihəsinin
məqsədi Rusiya kimi Gürcüstanda da müstəqil media, QHT-ni məhv
etməkdir.